Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda
edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən
bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım
mərasimləri keçirilib.
Trend Müdafiə
Nazirliyinə istinadla xəbər verir ki, Vətən müharibəsi şəhidləri
Qərib Baxşəliyev, Ramiq Mikayılov, Raqib Hüseynov, Nurlan Həsənov,
Vüsal Muradov, Seymur Abbasov, Xəyal Aslanov, Ceyhun Xəlilov, Eltun
Kərimov, Əli Cəfərli, Elşən İbrahimov, Miqdad Abduləlimov, Səbuhi
Məcidov və Rahid Sadıxovun xatirəsinə həsr olunan anım
mərasimlərində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri,
şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak
ediblər.
Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü
uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, dövlət himni səsləndirilib.
Şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar
təqdim olunub.
Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində
qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan
oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söhbət
açıblar.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də
şəhidlərin xatirəsinin uca tutulduğuna görə Azərbaycan
Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
solistləri tərəfindən vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən
musiqilər səsləndirilib.