Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda
edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə
ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Vətən müharibəsi şəhidləri Murad Nağıyev və
Həsənağa Abdullazadənin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə
Nazirliyinin və ictimaiyyətin nümayəndələri, millət vəkilləri,
şəhidlərin ailə üzvləri, dostları və döyüş yoldaşları iştirak
ediblər.
Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq Zəfərin tarixi
əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının
göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və
qayğıya, həmçinin övladlarının xatirəsinin uca tutulduğuna görə
Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin
rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlıqlarını
bildiriblər.
Şəhidlərin qısa, lakin şərəfli ömür, eləcə də döyüş yolundan bəhs
edən sənədli filmin və kitabların təqdimatı olub.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər
səsləndirilib.