Şəhidlərin əşyaları muzeydə toplanır – Trend TV-nin Füzulidən reportajı

Füzuli. Aslan Məmmədli – Trend:

Füzuli Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib. Füzulidən olan şəhidlərin əşyaları bu muzeydə toplanılıb.

AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu muzeyə baş çəkib, şəhidlərimizin xatirəsini anıb. Muzeyin fond müdiri Xalisə Məmmədova AzerTimes-a bildirib ki, Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin bir neçəsinin ailələrindən əldə edilmiş geyimlər, sənədlər, fəxri fərmanlar, fotolar və digər əşyalar, eləcə də rayonun 78 qəhrəman şəhidi haqqında məlumatlar onların fotoşəkilləri ilə birgə nümayiş etdirilir: “Biz qərara gəldik ki, şəhidlərimizi muzeyimizdə tanıdaq, onların xatirəsini əbədiləşdirək. Bu bizim həm vəzifə, həm vətəndaşlıq borcumuzdur. Şəhid ailələri ilə əlaqə saxladıq. Onların evlərində olduq, görüşlər keçirdik. Şəhid ailələri özləri də xatirə əşyalarını muzeyə təqdim edirlər,” – fond müdiri deyib.

Muzeydə həmçinin şəhidlərin döyüş yolu barədə müxtəlif media qurumlarında dərc edilən məqalələr, kitablar və digər nəşrlər də yer alıb. Muzey rəsmisi bildirib ki, şəhidlərimizə aid stendlər qonaqların diqqətini xüsusilə cəlb edir: “Biz bir daha şahidi oluruq ki, xalqımız, millətimiz şəhidinə necə dəyər verir. Məktəblilər, sıravi vətəndaşlar, rayonumuza gələn qonaqlar müzeyə böyük maraq göstərirlər”, – X.Məmmədova vurğulayıb.


Trend TV-nin muzeydən hazırladığı reportajı təqdim edirik.

Teqlər: