Bu gün 30.08.2021-ci il Vətənimizin bölünməzliyi,torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin Mirzəliyev Kamal Əjdər oğlunun doğum günüdür. Mirzəliyev Kamal Əjdər oğlu 30.08.1996-cı ildə Şamaxının Çarhan kəndində, zəhmətkeş ailədə anadan olmuşdur. Sonradan ailələri Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinə köçmüşdür. Kamal orada 273 saylı məktəbdə orta təhsil almışdır. Məktəbi bitirdikdən sonra Kamal 2016 – cı ildə hərbi xidmətə gedib və Aprel döyüşlərinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra Bakı Gəmiqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb. Ötən il Sentyabrın 27 – də İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə gedib və kəşfiyyat bölüyündə xidmət edib. Xeyli vaxt idi Kamalın qəlbini bir hiss rahat buraxmırdı.
Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan xain düşməndən intiqam almaq hissi. Talış kəndi və strateji əhəmiyyətli Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da, tibbi yardım aldıqdan sonra özünün qətiyyətli təkidi ilə yenidən ön cəbhəyə qayıtmışdır. Orada yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmənin artilleriya zərbəsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Lökbatandakı “Şəhidlər Xiyabanı”nda uyuyur. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda“, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qaradağ rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Milli Məclisin deputatı, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid Mirzəliyev Kamal Əjdər oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.
Bundan sonra İcra Hakimiyyətinin rəhbər şəxsləri,rayon ictimaiyyət nümayəndələri,din adamları şəhidin evini ziyarət etmişdir.
Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır. Şəhidin doğum gününün televiziya vasitəsi ilə işıqlandırılması təmin edilmişdir.
Şəhidin anası dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.