Qanunvericiliyə hansısa dəyişiklik və istisnalar əlavə etmək gərəkdirsə, müvafiq komitə, yaxud nazirlik Milli Məclisə təklif verməlidir. Biz bunu təcili qəbul edə bilərik. Orada qeyd oluna bilər ki, qanun bu vaxta qədər olan hallara da şamil olunsun. Bu məsələ onda öz həllini tapa bilər.
Bu sözləri AzerTimes-a millət vəkili Fazil Mustafa Səbuhi Əhmədovun qardaşına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailəsi status verilməməsi haqqında danışarkən deyib.
“Bu məsələni 5-6 ay öncə Milli Məclisdə qaldırmışdım. Belə ki, şəhid bacı-qardaşları əgər onların himayəsində yaşayıbsa və başqa varisləri yoxdursa, onda varis kimi tanınsın, eyni səlahiyyətlər onlara da verilsin. Ancaq məsələ gündəmdə tutulmadı və qanunvericilidə dəyişiklik edilmədi. Çünki qanunvericilikdə formal olaraq bunu istisna edən müddəalar var. Çox güman ki, nazirlik bu məsələdə həmin maddələrə istinad edir.
Amma istisna qayda ilə bunu həll etmək mümkün idi. Şəhidin qardaşı evlidirsə, iki otaqlı evin verilməsi adi bir şeydir. Çünki bu məsələdə hər halda vəziyyətə uyğun addım atılmalıdır. Bu kontekstdə Sənana “şəhid ailəsi” statusu verilə bilərdi. Çünki şəhid Səbuhinin başqa heç kimi yoxdur. İstisna qaydalarla bunu həll etmək lazımdır. Bu məsələdə bürokratik maneələr yaratmaq doğru deyil”, – F.Mustafa bildirib.