“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” – Foto

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” – Foto

Mayın 16-da “NİZAMİ” Kino Mərkəzinin böyük zalında qardaş Türkiyənin və Azərbaycanın bir qrup şəhid ailələrinin, rəsmi şəxslərin, ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT və KİV təmsilçilərinin, yazarların iştirakı ilə “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir qardaş ölkələrimizin bütün dönəmlərdəki şəhidlərinin xatirəsinə sayğı duruşu və Azərbaycan, Türkiyə Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

AzerTimes xəbər verir ki, tədbirin aparıcısı, şair-publisist Əkbər Qoşalı giriş sözü söyləyərək, ədəbi-bədii gecənin “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi, “Gözəl Yaşam Mərkəzi” və “Kırşəhir Şəhid Ailələri Dərnəyi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirildiyini bildirib.

Əkbər Qoşalı qardaşlıq, dostluq, qonşuluq bağları “Şuşa Bəyannaməsi” ilə ən yüksək səviyyəyə qaldırılan Azərbaycanla Türkiyənin bütün əməli çalışma sahələrində irəliləyişini dədələrimizin ruhunu şad edən, gənc nəslə yol göstərən faktor kimi şərh edib.

Təşkilatçı qurumlar adından çıxış edən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB-in) sədri Arzu Bagirova rəhbəri olduğu ictimai birliyin hər zaman şəhid ailələri, qazilər, gənclər, yazarlarla sıx təmasda olduğunu, müxtəlif layihələr, aksiyalar həyata keçirdiyini, çoxsaylı nəşrlərlə çıxış etdiyini vurğulayıb.

O, RHİMİB-in fəaliyyətində yalnız respublikamızın regionlarının əhatə olunmadığını, eləcə də, qardaş ölkələrin regionları, uyğunprofilli qurum və quruluşları ilə işbirliyinə önəm verildiyini deyib.

RHİMİB-in yaradıldığı ilk gündən könül dostlarının iştirakı ilə çoxsaylı səfərlər təşkil olunduğunu, o cümlədən qardaş ölkələrə səfərlər müddətində, habelə qardaş ölkələrdən Azərbaycana nümayəndə heyətləri təşrif buyurunca keçirilmiş tədbirlərdən söz açıb.

“Bəli, biz qürur hissi ilə vurğulayırıq ki, RHİMİB olaraq çalışmalarımız şəhid ailələrimiz, qazilərimiz, gənclərimizlə, eləcə də, maarifləndirmə işi, təhsil, ədəbiyyat, mədəniyyət və sənətlə, habelə Türk dünyası ilə sıx bağlı olub.

Bu gün Kırşəhirli şəhid ailələrini birləşdirən ictimai birliyin rəhbərləri və fəalları bizimlədir. Kırşəhirli qardaş-bacılarımızın bir çoxu Azərbaycana ilk dəfə gəlib. Bir daha xoş gəlib-səfa gətiriblər. Biz “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adını təsadüfən seçməmişik və demək istəyirik ki, Şəhidlərimiz ölmədi, Vətənlərimiz bölünmədi!

Çıxışımın sonunda, “Kırşəhir Şəhid Ailələri Sosial Yardımlaşma və Dayanışma Dərnəyi” İctimai Birliyinin başqanı Mutlu Kılıçaslan , bu tədbirin təşkilinə mənəvi dəstək göstərən bütün könül dostlarına, buraya təşrif buyurduğunuza görə sizlərin hər birinizə təşəkkür edirəm. Çox sağ olun”!

“Kırşəhir Şəhid Ailələri Sosial Yardımlaşma və Dayanışma Dərnəyi” İctimai Birliyinin başqanı Mutlu Kılıçaslan öz çıxışını tərəfdaş ictimai birliyin rəhbəri Arzu xanım Bağırovaya, bütün Azərbaycanlı dostlarına qonaqpərəvərliyə görə təşəkkürlə başlayıb. O, başqanı olduğu qurumun Azərbaycana ilk dəfə belə bir səfər gerçəkləşdirdiyini bildirib. Kılıçaslan Azərbaycanla sıxlaşan işbirliyinin yalnız onların ailə üzvü olan şəhidlərin deyil, Qafqaz Türk-İslam Ordusunun tərkibində 1918-ci ildə Azərbaycana gəlmiş, döyüşərək şəhid olmuş Kırşəhirli hərbçilərin timsalında bütün dönəmlərdəki şəhidlərimizin ruhunu şad etdiyini söyləyib.

“Kırşəhir Şəhid Ailələri Sosial Yardımlaşma və Dayanışma Dərnəyi” başqanı şəhid ailələrinin birlik və bərabərliyi, qaynaşması, həmrəyliyi üçün çalışmalar zəminində qardaş ölkələrlə işbirliyinə önəm verdiklərini deyib. Şəhid ailələri üçün fərqli layihələr həyata keçirdiklərini vurğulayan Kılıçaslan, qardaş ölkələrin şəhid ailələrinin bir-birini tanımasında, işbirliyində maraqlı olduqlarını qeyd edib.

Sonra millət vəkilləri Ceyhun Məmmədov , Tamam Jafarova , Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Reshad Mecid ,

“Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Abbasov Arifoğlu , “Olaylar”ın baş redaktoru, yazıçı-publisist Yunus Oğuz , Türk Ədəbiyyatı Vəqfinin başqan müavini, yazıçı-publisist İmdat Avşar , “Nəfəs” ictimai birliyinin sədri Firəngiz Balakişiyeva , “Kırşəhir Şəhid Ailələri Sosial Yardımlaşma və Dayanışma Dərnəyi”nin İdarə heyətinin üzvü Müqəddəs xanım Ülkər, Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, 34 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova çıxış ediblər.

Tədbirin bədii bölümündə Xalq artistləri – Gülyanaq və Gülyaz Məmmədova bacıları, Simarə İmanova, hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı, tanınmış sənətkar Şəmistan Əlizamanlı, istedadlı gənc ifaçılar – Kamilə Nəbiyeva, Ramal Əzimov, tanınmış sənətçi Fərahim Sadiqin başçılıq etdiyi “Öncə Vətən” qrupu çıxış edib.

Sonda təşkilatçı qurumlar arasında qarşılıqlı hədiyyə bağışı olub, xatirə şəkilləri çəkilib.

Teqlər: