Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib

Oktyabrın 21-də 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Vətən Müharibəsi qəhrəmanı Polkovnik Leytenant Qasımov Ramiz Vaqif oğlunun Müdafiə Naxirliyinin Təlim-Tədris Mərkəzində xatirə gecəsi keçirilib.

Xatirə gecəsində Hərbi Hava Qüvvələrinin komandanı General-Leytenant Ramiz Tahirov, əsgər və zabitlər, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov , şəhidin doğmaları və ictimaiyyətin nümayyəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Millət Vəkili Rauf Əliyev qeyd edib ki, şəhidlərin xatirəsi əbədi olaraq Azərbaycan xalqının yaddaşında qalacaq. Şəhidlər öz canlarını Vətən uğrunda qurban verərək, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq nümunələri göstərərək Azərbaycanın Şanlı tarixini yazdılar. Pilot şəhidimiz Polkovnik-Leytenant Ramiz Qasımovun qəhrəmanlığının xüsusi ilə gənclərimizə örnək olması vurğulanmışdır.

Qeyd edək ki, şəhid Ramiz Qasımov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə və iəğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə, ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Vətən uğrunda” və Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Teqlər: