Şəhid və şəhid ailələri adından dələduzluq edənləri hansı cəza gözləyir? – Hüquqşünas

Xəbər - Fərid Zöhrabov – Trend:

Son zamanlar şəhid ailələri, hətta şəhidlərin adından dələduzluq edənlərin sayı artıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, dələduzluq əməli Cinayət Məcəlləsinə əsasən cinayət hesab olunur:

“Son zamanlar təəssüf ki, şəhid ailələrinə qarşı və onların adından dələduzluq edənlərin sayı artıb. Həmin insanlar Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb olunurlar”.

O qeyd edib ki, dələduzluğu ilk dəfə törədən şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, 360 saatdan 480 saatadək ictimai işlərə cəlb olunurlar. Bəzən iki il islah işləri və iki il azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər.

Eyni əməllər qabaqcadan bir qrup şəxs tərəfindən törədilibsə və ya təkrar törədilibsə, şəxs qulluq mənafeyindən istifadə edib törədirsə, küllü miqdarda qarşı tərəfə ziyan vurursa, 4000 manatdan 7000 manatadək cərimə edilir. Bir ildən üç ilə qədər azadlıqdan məhrumetmə və ya iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Belə hallar mütəşəkkil dəstə tərəfindən törədiləndə, külli miqdarda zərərvurma halı olduqda bu zaman 10 ildən 14 ilə qədər həbs cəzası tətbiq oluna bilər.”

Teqlər: