Bu gün II Fəxri Xiyabanda Azərbaycan Silahlı Qüvvələrinin mərhum zabiti, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, hərbi təyyarəçi, polkovnik-leytinant, şəhid Rəşad Atakişiyevin məzarı ziyarət olunub.
AzerTimes xəbər verir ki, mərhum pilotumuzun məzarı Hərbi Hava Qüvvələrinin heyəti, ailəsi, dostları tərəfindən məzarına əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.
Rəşad Atakişiyev 1985-ci ilin yanvarın 7-də Şəmkir rayonu, Qılıncbəyli kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
Orta məktəbi əla qiymətlərlə bitirən Rəşad Atakişiyev 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinin “Uçuş mühəndisi” ixtisasına daxil olub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
2007-ci ildən pilot kimi fəaliyyətə başlayıb. Sənətinə olan sevgisi, bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə, hərbi hissə komandirinin müavini vəzifəsinə qədər yüksəlib, adını peşəkar, təcrübəli pilotlar sırasına yazdırmağı bacarıb.
O Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda peşəkarlıq nümayiş etdirib. MİQ-29-la səmada gözoxşayan manevr göstərmək çətin olsa da Rəşad bunu ən yüksək səviyyədə bacarıb. Həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
2019-cu il iyul ayının 24-də döyüş şəraitinə yaxınlaşdırılmış gecə hərbi təlim -məşq uçuşları zamanı onun idarə etdiyi MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilir, hərbi təyyarə Xəzər dənizinə düşür.
Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olundu.
Avqustun 19-da təyyarənin qara qutusu, 20 avqust tarixində isə pilotun nəşi tapılıb. 21 avqustda Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilib.
Qəhrəman pilotumuz Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən hərbi borcunu yerini yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunub, ona şəhid statusu verilib.