Şəhid pilotun anım mərasimində Zəfər nəğmələri səslənib (FOTO/VİDEO)

“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən bu il noyabrın 8-i ilk dəfə olaraq ölkəmizdə təntənəli şəkildə, ümumxalq bayramı kimi qeyd ediləcək.

Sərəncamda göstərilir ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqədddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu…

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin gələcəyini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı…

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, respublikamızın hər yerində olduğu kimi Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də Zəfər Günü ərəfəsində silsilə tədbirlər həyata keçirilir.

“Zəfər Yolunun Qəhrəmanları” layihəsi həm Ordumuzun şəxsi heyəti, həm də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda reallaşan növbəti tədbirdə Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında müstəsna xidmətləri olan Hərbi Hava Qüvvələrimizin şəhid pilotu polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevin xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləri, şəhid ailələri, mədəniyyət və elm xadimləri, Bakı Qarnizonundakı hərbi hissələrin və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları, kursantlar, müharibə iştirakçıları və qazilərin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.
Layihənin müəllifi polkovnik Abdulla Qurbani nəzərə çatdırıb ki, bugünkü teatrlaşdırılmış ədəbi-musiqili tamaşanın baş qəhrəmanı ulu öndər Heydər Əliyevin 50 il öncə – 1971-ci ildə yaratdığı indiki Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsidir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu təhsil ocağından pərvazlanan peşəkar zabitlər əsl qəhrəmanlıq, mərdlik və şücaət nümunələri göstərərək müasir hərb tariximizə parlaq səhifələr yazıblar.

C.Naxçıvanski adına hərbi liseyin, eləcə də bu məktəbin Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına hərbi liseyin yüzlərlə yetirməsi olan zabitlər bütün qoşun növlərində təmsil olunaraq Ulu Öndərin arzularının həyata keçməsi, Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək xalqımızın 30 illik həsrətinə son qoyublar. Onlardan neçəsi respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə hərbi əməliyyatlarda öz canlarından, qanlarından keçərək şəhidlik zirvəsinə ucalıb, neçəsi döyüşlərdə sağlamlığını itirib, neçəsi isə bu gün də ordu sıralarında dövlətimizin təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığı naminə xidmətlərini şərəflə davam etdirir, düşmən təxribatlarının qarşısını qətiyyətlə alırlar.

Sonra polkovnik A.Qurbani şəhid polkovnik Zaur Nudirəliyevin həyat və döyüş yolu ilə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, Zaur Nudirəliyev 1 sentyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi (indiki Cəmşid Naxçıvanski adına hərbi lisey), 1999-cu ildə Türkiyə Respublikası Hərbi Təyyarəçilik Məktəbini uğurla bitirib.
Aviasiya eskadrilyası aviasiya manqasının təyyarəçisi vəzifəsindən “Su-25” təyyarələri üzrə aviasiya eskadrilyasının komandiri vəzifəsinədək yüksəlib.

Vətən müharibəsi başlananda polkovnik Nudirəliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət edirdi. Müharibənin ilk günündən sevimli təyyarəsinin sükanı arxasına keçərək döyüş uçuşlarını müvəffəqiyyətlə həyata keçirib. Ağdərə-Tərtər, Füzuli-Cəbrayıl istiqamətlərində düşmənin hərbi bazalarının, döyüş mövqelərinin, zenit-raket komplekslərinin, radio-elektron mübarizə vasitələrinin, silah-sursat anbarlarının və digər infrastrukturunun darmadağın edilməsində xüsusilə fərqlənib. Hərbi texnika və canlı qüvvə sarıdan düşmənə xeyli itkilər verib. Uzun illərdir ki, işğalçıların betonlayıb bərkitdikləri bir çox bunker, istehkam tikililərinə sarsıdıcı, dağıdıcı zərbələr endirib.

Hərbi Hava Qüvvələrinin komandanı – müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirovun 44 günlük Vətən müharibəsində hərbi aviasiyamızın xidmətləri barədə ətraflı çıxışı həm hərbi qulluqçuların, həm də qonaqların böyük marağına səbəb olub. Komandan milli şahinlərimizin və hava hücumundan müdafiə hərbi qulluqçularının – görünməyən qəhrəmanların əfsanəvi igidliklərindən, yeni müharibə müstəvisinə gətirdikləri yeniliklərdən, alınan yeni nəsil təyyarə, helikopter, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə və digər aviasiya vasitələrindən milli şahinlərimizin peşəkarlıqla istifadə etdiklərindən, dünyanın bir çox ölkələrində, əsasən də qardaş Türkiyədə aldıqları təhsildən, beynəlxalq təlimlərdə əldə olunan təcrübələrdən Vətən müharibəsində səmərəli şəkildə və ustalıqla tətbiq etmələrindən qürurla danışıb.
Komandan Zaur Nudirəliyev və Ramiz Qasımov kimi bacarıqlı, təcrübəli şahinlərimizin həlak olmasını xalqımız və ordumuz üçün ağır itki hesab etsə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə dediyi fikirləri xatırladaraq şəhidlərin ailə üzvlərinin qazanılan böyük Zəfərlə təsəlli tapdıqlarını dilə gətirib: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı”.

General-leytenant R.Tahirov böyük Zəfərin qazanılmasında xidmətləri olan hər bir döyüşçünün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təltif olunduğunu qeyd edərək vurğulayıb ki, polkovnik Zaur Nudirəliyevin xidmətləri də dövlət səviyyəsində yüksək qiymətləndirilib. Bir neçə gün ərzində 13-cü döyüş uçuşunu da uğurla yerinə yetirib şəhidlik zirvəsinə ucalan igid pilotumuza ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi, onun “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması şəhid pilotun xidmətlərinə göstərilən ən yüksək dəyərdir.
Polkovnik Z.Nudirəliyevin ölümündən sonra təltif olunduğu digər 2 medal – “Cəbrayılın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları da alqışlar altında komandan tərəfindən şəhidin həyat yoldaşı Nazilə Nudirəliyevaya təqdim edilib.
Şəhidin dəfnində onun iki yadigar övladını atalarının adına layiq böyüdüb, tərbiyə edəcəyinə and içən Nazilə xanımın dediyi “Vətən sağ olsun!” kəlmələri alqışlarla qarşılanıb.
Millət vəkili Hikmət Babaoğlu, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-leytenant Füzuli Salahov və Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyətindən, ordu-xalq birliyindən iftixar hissi ilə danışıb, Zəfər yolunun qəhrəmanlarını hörmətlə yad edib, onların xatirələrinin bundan sonra da əziz tutulacağına əminliklərini bildiriblər.

Milli Azərbaycan Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, akademik Muxtar İmanov Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında müasir silahların, yeni texnikaların böyük rolu ilə yanaşı, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilən müasir Azərbaycan döyüşçüsünün vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun da az rol oynamadığını söyləyib. Azərbaycan folklorundan, xalq yaradıcılığından o cümlədən möhtəşəm “Dədə Qorqud” boylarından nümunələr gətirən akademik Ulu Öndərin vaxtilə söylədiyi bir fikrin bu gün də aktual olduğunu diqqətə çatdırıb və Azərbaycan əsgərinə şəhidlərimizin qəhrəmanlıq ənənələrini bundan sonra da uğurla davam etdirməyi arzulayıb.

O deyib: “Mən inanıram ki, hərbi qulluqçularımız Ulu Öndərdən miras bu kəlamları heç vaxt unutmayacaqlar: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov və “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik-leytenant Etibar Camalov şəhid polkovnik Zaur Nudirəliyevin təhsil aldığı Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları olduqları üçün fəxr etdiklərini və bu gün də Azərbaycan naminə Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Qorqud” ansamblının (ansamblın rəhbəri Əməkdar artist Nuriyyə Hüseynovadır), Bakı Bələdiyyə Teatrı aktyorlarının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin iştirakı ilə təqdim olunan ədəbi-musiqili kompozisiya və Zəfər nəğmələri böyük maraqla qarşılanıb.

Tədbirdən sonra şəhid Z.Nudirəliyevin dəfn edildiyi İkinci Şəhidlər xiyabanı ziyarət olunub, məzarı önünə əklil və güllər düzülüb.

“Zəfər Yolunun Qəhrəmanları” layihəsi çərçivəsində vətənpərvərlik tədbirləri davam edir.

Teqlər: