Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin şəhid polkovnik-leytenantı Rəşad Atakişiyevin uyuduğu İkinci Fəxri Xiyabanda anım mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri və Hərbi Hava Qüvvələrinin zabitləri, hərbi xidmət yoldaşları da iştirak edib.
Şəhidin ruhuna dualar oxunub, məzarı önünə əklil qoyulub, gül-çiçək dəstələri düzülüb.
Daha sonra Rəşad Atakişiyevin ailə üzvü, politoloq Qabil Hüseynli çıxış edib:
“Allah Rəşada rəhmət eləsin. O, sözün əsl mənasında qəhraman pilotlarımızdan biri idi. Rəşad Atakişiyev yaşından çox müdrik insan təsiri bağışlayırdı. Zənnimcə, o. dörd dəfə “TurAz Qartalı” təlimlərində iştirak edib. Azərbaycanı layiqincə təmsil edərək mükafatlara layiq görülüb. Rəşad həm də Azərbaycanın ilk F-16 idarə edən pilotlarından olub. Dövlətimizin qayğısını bir şəhid ailəsi olaraq hər zaman hiss edirik. Çox istərdim ki, onun oxuduğu məktəbə və Yeni Yasamalda vaxtilə yaşadığı küçəyə Rəşad Atakişiyevin adı verilsin”.
Şəhid pilotumuzun xidmət yoldaşı Röya Bayrışov Rəşad Atakişiyevin 2019-cu ildə təlim zamanı bədbəxt hadisə nəticəsində şəhid olduğunu deyib: “O, peşəkar və mükəmməl hərbi pilotlarımızdan idi. Hətta onun təcrübəsindən Vətən müharibəsi dövründə geniş istifadə olunub. Rəşad Atakişiyevi hər zaman fəxarətlə xatırlayırıq”.
Şəhidin atası Saləddin Atakişiyev oğlu ilə qürur duyduğunu bildirib: “Hər kəsə şəhadət qismət olmur. Şəhidlər ölmürlər. Rəşadsız keçən hər bir gün bizim üçün ağırdır. Təki Vətən sağ olsun”.
Qeyd edək ki, şəhid polkovnik -leytenant Rəşad Atakişiyev 24 iyul 2019-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.