Şəhid övladları qəhrəman polisləri öz ideallarına çevirib – Video

Şəhid övladları qəhrəman polisləri öz ideallarına çevirib – Video

Vətən Müharibəsində bütün azərbaycanlıların həmrəyliyi dövlət qurumları və xalq arasında da bağları daha möhkəm və sarsılmaz etdi. O qurumlardan biri də daim dövlətin və xalqın keşiyində olan Daxili İşlər Nazirliyi idi.

AzerTimes xəbər verir ki, bu sözləri “Mənim atam qəhrəmandır” layihəsi və “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov sosial media hesablarında yazıb.

O qeyd edib ki, əslində Birinci Qarabağ müharibəsinin ilk şəhidləri də polis orqanlarının əməkdaşları arasından idi: “Ordunun o zamankı hazırlıqsızlığının məsuliyyəti polislərin üzərinə düşmüşdü. Və onlar öz canlarını hər an Vətən üçün fəda edə biləcəklərini həm Birinci Qarabağ Müharibəsi, həm Vətən Müharibəsi, həm də son antiterror əməliyyatları zamanı sübut etdilər”.

C.Qurbanovun sözlərinə görə, onların işi həm də arxa cəbhədə qalan xalqın keşiyində durmaq idi: “Daxili İşlər Nazirliyi hər iki cəbhədə şücaətini göstərdi, asayişi ən yüksək səviyyədə qorudu, yarana biləcək provokasiyaların qarşısını xalqa hiss etdirmədən aldı”.

“Fire Land Group”un rəhbəri qeyd edib ki, Qələbədən sonrakı dövrdə xalqın baş tacı olan şəhid ailələri də onların xüsusi diqqəti ilə qarşılaşdılar: “Həm 3 ildir davam edən “Mənim atam qəhrəmandır” və ” Mənim oğlum qəhrəmandır” layihələri boyunca, həm də gündəlik həyatda şəhid əmanətləri polis əməkdaşlarının diqqətinin təəssüratları ilə onlara ən səmimi etiraflarını bildirir, qəhrəman ailələrinə yaraşan şəkildə münasibət görməkdən qürurlanırlar. Şəhid əmanətləri yolboyu onları hərbi salamla salamlayan polislərimizin yaşatdığı fərəh hissini unutmurlar. Məhz bu səbəbdəndir ki, şəhid övladları gələcəkdə həm polis, həm də hərbçi olmağı arzulayırlar. Bu arzunu “Mənim atam qəhrəmandır” layihəsinin bütün tədbirlərində dilə gətirən şəhid övladı Hüseyn əslində şəhid ailələrinə qarşı gördüyü ehtiram dolu münasibətin təsirindən polis əmilərini öz idealına çevirib.

Gündəlik həyatımızda qarşılaşdığımız problemlərin həllində ilk Azərbaycan Polisinə zəng etmək ağlımıza gəlirsə, bunu onlara qarşı duyduğumuz güvən hissinə borcluyuq.

Son illər daim öz üzərində işləyən, problemlərə operativ həllər tapan, vətəndaşa əlçatan olan Daxili İşlər Nazirliyi etimadları ən yüksək səviyyədə doğruldur.

Həm şəhid ailələri adından, həm də siravi vətəndaş kimi başda general-polkovnik Vilayət Eyvazov olmaqla, bütün Daxili İşlər Nazirliyi əməkdaşlarına tez-tez təşəkkür etməyi özümə borc bilirəm.

Siz Dövlətçiliyimizin və stabilliyimizin ən çox güvənilən dayaqlarındansınız.

Allah Azərbaycan polisini qorusun!”

Teqlər: