Xəbər - Samir Əli – Trend:
Vətən müharibəsinin şəhidi Nurlan Süleyman oğlu Qurbanlının ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Bakının Xətai rayonundakı yeni yaşayış kompleksindən mənzilin açar və sənədlərini şəhidin qardaşına təqdim edib. Şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri, müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək, o cümlədən onların mənzillə təminatı işləri aparılır. Ötən dövrdə həmin kateqoriyadan olan şəxslərə 9700-dək mənzil və fərdi ev verilib. Yaxın 5 ildə isə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.
Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmuş Nurlan Qurbanlı Vətən müharibəsində şərəfli döyüş yolu keçib və ötən il oktyabrın 5-də Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nurlanın ailəsinin məişət durumu və ailə vəziyyəti nəzərə alınaraq Nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin edilib.