Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində barelyefinin açılışı olub (FOTO)

Xırdalan şəhərində şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun (27.04.1990-26.10.2020) xatirə lövhəsi və barelyefinin açılışı olub.

Trend xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib. İ.Gülməmmədova çıxış edərək şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib. I və II Qarabağ müharibəsi zamanı həyatını itirən 150-dən çox şəhidimizin adına küçə salındığını qeyd edən başçının sözlərinə görə, həmin küçələr abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Xırdalandakı gözəl küçələrdən birinə də şəhid F.Məmmədovun adının verildiyini və barelyefinin yaradıldığını vurğulayan icra başçısının bildirdiyinə görə, bu abidə gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malikdir.

Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan İ.Gülməmmədova deyib ki, Azərbaycan igid qəhrəmanlarının şücayəti sayəsində bütövlüyünə qovuşub. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti sayəsində torpaqlarımızın işğalına son verildiyini, xalqımızın torpaq həsrətinə son qoyulduğunu söyləyən başçı 44 gün müddətində düşmən ordusunun tamamilə darmadağın edildiyini deyib.

Sonra Abşeron Mədəniyyət Şöbəsinin müdiri İlham Manafov, barelyefin müəllifi rəssam-heykəltaraş Seymur Süleymanov və rayon ağsaqqalları çıxış edərək şəhidin döyüş yolundan və xatirələrdən danışıblar.

Daha sonra İ.Gülməmmədova şəhidin anası Kifayət Əliyeva və həyat yoldaşı Şəhla Məmmədova ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. F.Məmmədovun ailəsi də ölkədə şəhidin ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Teqlər: