Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı – Foto

Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı – Foto

“Mənim atam qəhrəmandır” deyən Vətən əmanətlərini “Şahdağ” sayğı duruşu ilə növbəti dəfə qarşıladı.

Qarabağdan bütöv Azərbaycana şaxələnən Novruzun “Zəfər tonqalı” bu dəfə şəhid əmanətlərimizlə birlikdə “Şahdağ Turizm Mərkəzi”ndə qalandı. Vətən, millət, ölkə adına bir sıra tədbirlərə rəhbərlik edən “Fireland group”un təşkilatçılığı ilə keçirilən “Mənim atam qəhrəmandır” layihəsi növbəti dəfə, həm də Novruz öncəsi şəhid əmanətlərinə “Şahdağ” Turizm Mərkəzində 3 günlük bayram əhvali-ruhiyyəli unudulmaz istirahət yaşatdı.

Dövlət Turizm Agentliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 200-dən artıq şəhid övladı təhlükəsizliyi və rahatlığı tam təmin olunmaqla Novruzu 3 gün ərzində “Şahdağ” Turizim mərkəzində keçirib.

Qısa və şərəfli ömrün sahiblərinin ruhu həm onların əmanəti, həm də bütün tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükütla yad edilərək onlara olan minnətdarlıq borcu bildirilib. Daha sonra isə “Şuşam” xorunun solistlərininin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə tədbirə başlanılıb. Sözləri Xanım İsmayılqızının, musiqisi Cəlal Qurbanova məxsus olan “Mənim atam qəhrəmandır” mahnısının məhz şəhid övladlarının ifasında səsləndirilməsi isə tədbirə ayrı bir rəng qatıb.

Tədbirin budəfəki aparıcılığını öz üzərinə götürən İlkin Həsəni və Elşən Orucovun təqdimatında səhnəyə dəvət edilən “Fireland group” un rəhbəri, AYB-nin üzvü, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanov Novruz bayramı münasibətilə bütün şəhid övladlarını təbrik edib. C.Qurbanov şəhid övladlarına göstərilən sevgi, qayğı və nəvazişin şəhidlərimizin də ruhunu şad edəcəyini xüsusilə vurğulayıb. Cənab Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə və qazilərə olan diqqət və qayğısının vətənin müdafiəçilərinə necə böyük önəm verdiyini, onların fədakarlığını necə yüksək dəyərləndirdiyini və bütün bunların timsalında bu diqqətin dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının da borcu olduğunu deyib: “Bir vətəndaş kimi bizim də bir borcumuz var. Minnət borcumuz… Əmanət edilən ortaq dəyərləri qoruma borcumuz… Bu vətəni qarşılıqsız sevənlərin əmanətlərinə qarşı sevgi borcumuz…. 44 günlük müharibədə, həmçinin antiterror əməliyyatlarında Vətən uğrunda canından keçmiş şəhidlərimizin övladları, ailələri bizə əmanətdir. Atalarınızın xatirəsi əziz, siz isə bizim doğmamızsınız, əziz balalarım. Qəhrəman atanın qürurlu övladı olaraq üzünüzə sevinc, təbəssüm və 3 günlük də olsa hiss edəcəyiniz xoşbəxtlik bəxş edə bilsək, bu da bizim sizə vəfa borcumuz olar. Müharibədən və atalarının şəhadətindən sonra doğulan 119 şəhid övladı da bu gün açdığı dil ilə ilk olaraq qürur və fəxarətlə “Mənim atam qəhrəmandır” deyirlər. Çünki hər uşaq atasının super qəhrəman olması inancı ilə böyüyür. Sizin atalarınız isə yalnız sizin deyil, bütöv Azərbaycanın və bütün azərbaycan xalqının qəhrəmanıdır. Kəlimələrlə anladılmayacaq fədakarlıqları, cəsarətləri və sevgiləri tərif et desələr, sizin qəhrəman atalarınızı, bizim şəhidlərimizi göstərərəm. Onlar dünənimizin sabahı olan sizlərə və gələcək nəsillərə bir nümunədir. İnanıram və ümid edirəm ki, vətəni əmanət etdiklərimizin bizə əmanət olan övladları və ailələrinə olan kiçik diqqətimiz onların da ruhunu şad edir. Vətən sağ olsun deyə canlarından keçənlərin övladlarına bu gün vətənin hər qarışı – Abşerondan Qarabağa, Xəzərdən Şahdağadək qucaq açır. Bütün tədbirlərimizdə şəhid əmanətlərinin təhlükəsizliyini və Azərbaycanın ən gözəl məkanlarında istirahətini tam və rahat şəkildə təşkil olunmasında ilk gündən və hər zaman bizdən dəstəyini əsirgəməyən Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, Ədliyyə Nazirliyinə, Dövlət Turizm Agentliyinə, Heydər Əliyev Fonduna, şəxsən Anar Ələkbərova, Mədəniyyət Nazirliyinə, Şahdağ Turizm Mərkəzinin rəhbərliyinə və digər diqqətini əsirgəməyən qurumlara, eləcə də hər zaman yanımızda olan xalqın sevimli sənətkarlarına bir daha təşəkkür edirəm. Heydər Əliyev Fondu və onun icraçı direktoru Anar Ələkbərov hər zaman şəhid əmanətlərini diqqət mərkəzində saxlayır, onların qayğılarının həllinə xüsusi həssaslıqla yanaşır. Şəhidlərin zirvəsi bizim hətta onların əmanətlərini belə qaldırmaq istədiyimiz bütün zirvələrdən üstündür. Çünki şəhidliyin zirvəsindən bütün Vətən, bütöv Azərbaycan görünür!”

Daha sonra çıxış edən “Şahdağ” İstirahət Mərkəzinin rəhbəri Rüstəm Nəcəfli ilk olaraq bütün şəhid övladlarına Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin salamlarını çatdırıb. O, qəhrəman şəhid balalarının arzularının gerçəkləşdirilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə həsr olunmuş bu cür əhəmiyyətli tədbirin təşkilində iştirak etdiyi üçün qürur duyduğunu xüsusilə qeyd edib və bütün şəhid övladlarına maraqlı istirahət arzulayıb.

Həmçinin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elvin Əzizov və digər qonaqlar da öz çıxışlarında bütün diqqət və qayğı səfərbərliyimizin əsasında məhz əmanət balalarımızın rifahının dayandığını vurğulayıblar. Vətən fədailərinin ailələrinə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

4 ildir ki, “Fireland group”un təşkil etdiyi belə həssas tədbirləri öz ifaları və musiqiləri ilə bəzəyən tanınmış sənətçilərimizin sırasına “Şahdağ” Turizm Mərkəzində keçirilən Novruz bayramında Mirələm Mirələmov, Günay İmamverdiyeva, Murad Azərli, Leyla Rəhimova, Azad Şabanov və akkordeon ifaçısı Becan Hüseynzadə də qoşulub.

Tədbirin ikinci günü Yel çərşənbəsinə təsadüf etdiyindən açıq havada uşaqlar üçün Novruz tonqalı qalanıb. 44 günlük müharibədən sonra Qarabağdan bütün Azərbaycana yayılan Novruzun “Zəfər tonqalı”nın ətrafında cəm olan Şəhid qəhrəmanlarımızın övladları rəqs edib, mahnı oxuyub, tonqalın üzərindən atılıb, maraqlı vaxt keçiriblər. Şahdağın qarlı havası ilə yazın carçısı Novruzun vəhdəti də vətənin varlığı üçün can fəda edənlərin övladlarının üzündəki bugünkü gülüş və xoşbəxtlik tablosunun eynisini əks etdirirdi.

Qeyd edək ki, 3 gün ərzində şəhid övladları Şahdağ İstirahət Mərkəzində yerləşən müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə edib, xizəksürmə vərdişinə yiyələnib, həmçinin əyləncəli proqramlar izləyiblər.​ 3 gün davam edən tədbirin çəkilişlərini Niko Abbasov və onun çəkiliş heyəti həyata keçirib. Həmçinin “Fireland gorup”un bütün tədbirlərində artıq adət halını alan bir məqam kimi doğum günü olan şəhid övladlarının və xanımlarının özəl günləri də diqqətdə saxlanılır. Mart ayında doğulan əmanətlərimizin və şəhid Denis Proninin həyat yoldaşı Aynur Pronin-Əliyevanın doğum günü də bu tədbir boyunca təbrik və hədiyyələrlə qeyd edilib.

Xatırladaq ki, artıq 4 ilə yaxındır ki, “Fireland group”un “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində 2800-dən artıq şəhid əmanəti 40-dan artıq tədbirdə iştirak edib. Həmin tədbirlər Heydər Əliyev Mərkəzi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Dreamland Golff Club, İçərişəhər Dövlət Qoruğu, Şahdağ Turizm Mərkəzi kimi maraqlı məkanlarda keçirilib.​ Bundan sonra da belə tədbirlərin davamlı olacağını vurğulayan təşkilatçılar “Şəhid əmanətlərinin” gözümüzün önündə və bizimlə birgə böyüyəcəklərini bildiriblər.

Teqlər: