Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid övladları üçün Xızının Yarımca kəndində möhtəşəm tədbir təşkil olunub. Müxtəlif bölgələrdən gələn 100-ə yaxın şəhid anasını şəhid övladları özləri qarşılayıblar.
Əvvəlcə “Müşfiq ocağı”nı ziyarət edən şəhid əmanətləri onlar üçün təbiət qoynunda hazırlanmış, milli ornametlərlə bəzədilmiş çadırda və böyük süfrə ətrafında toplanıblar.
“Fireland producton”un rəhbəri, tədbirin təşkilatçısı Cəlal Qurbanov bu fikirləri dilə gətirib : “Ailəmizin daha bir yığıncağı, bayramı, şad günü kimi hiss edirəm bu tədbirləri. Ailəmiz deyəndə təbii ki, şəhid ailələri ilə olan bağlılığımızı nəzərdə tuturam. Onlar özləri də təqvimdəki bütün əlamətdar günlərdə bir yerdə olacağımızı artıq əvvəlcədən bilirlər, hiss edirlər. Bu “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin komandasının müqəddəs missiyası, borcudur.
Cəlal Qurbanov qonaqpərvərliyə və dadlı təamlara görə Xızı şəhidlərinin valideynlərinə minnətdar olduğunu bildirib: “Onlar öz həmdərdlərini doğmalıqla qarşıladılar. Hər birimizə unudulmaz gün yaşatdılar. Dərdlərini birliyə çevirdilər. Daha sonra layihələrimizin ilk günündən yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Onlar tək özləri deyil, ailələri ilə bərabər əlamətdar günlərimizdə şəhid ailələrinin yanında oldular. Xüsusilə yenə də bütün layihələrimizdə şəhid ailələrini göz bəbəyi kimi qoruyan, onlara təzim edən Daxili İşlər Nazirliyinə minnətdaram. Bakıdan Xızıya qədər şəhid ailələrinin toplandığı avtobusları müşaiyət edən Xızı Rayon Polis şöbəsinin əməkdaşları tədbir boyu da bizimlə oldular. Onlar öz vəzifələrinu artıqlaması ilə yerinə yetirdilər”.
Qeyd edək ki, “Fireland Production”un təşkilatçılığı ilə son 2 ildə “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 20-dən çox tədbir keçirilib, onlara 2000-dən çox şəhid əmanəti dəvət edilib. Bütün tədbirlər şəhid yaxınlarının, ictimai-siyasi xadimlərin, mədəniyyət nümayəndələrinin iştirakı ilə Şuşa Şəhər Dövlət Qoruğu, “DreamLand” Golf Club, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzinin qarşısı kimi önəmli məkanlarda təşkil olunub.