Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək – Deputat

2020-ci il ölkəmizin tarixinə “Zəfər ili” kimi yazıldı. Uzun illərdir düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük zəfər müharibəsi nəticəsində düşməndən təmizləndi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 44 günlük müharibə dövründə ölkəmizdə və ölkəmizdən kənarda yaşayan bütün azərbaycanlılar böyük həmrəylik göstərərək istər döyüş meydanında, istər informasiya müharibəsində istərsə də beynəlxalıq arenada düşmən qarşısında böyük qələbə qazandı.

Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

Müharibənin yekunlaşması ilə birlikdə ölkəmiz qarşısında artıq yeni hədəflər formalaşmış oldu. Qarabağa qayıdış, yenidən bərpa və məcburi qaçqın və köçkünlərin öz torpaqlarına geri qayıtması məsələsi əsas prioritetlərdən biri kimi qarşımızda dayanır. Qarabağın bərpası artıq qarşıda duran ilk mərhələdir. Bu mərhələnin icrasında 04 yanvar 2021-ci il ölkə Prezidentinin sərəncamı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu xüsusi əhəmiyyətə malik olacaqdır. Fondun fəaliyyəti dövlət-cəmiyyət birliyinin təcəssüm etdirməklə yanaşı hər bir Azərbaycan vətəndaşına Qarabağda gedəcək yenidən qurma işlərinə dəstək olmaq üçün şans verir.

Bununla yanaşı ölkə başçısının daim diqqətində şəhid ailələri, müharibə zamanı müxtəlif dərəcəli xəsarət alan hərbiçilərimiz və onların ailələri eyni zaman da müharibə iştirakçıları xüsusi olaraq qalır. Bugün ölkəmizdə keçirilən sosial siyasətin əsas prioritetlərindən biri şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsidir. Məhz bu məqsədlə ölkə başçısının təşəbbüsü ilə 08 dekabr 2020-ci il tarixdə “YAŞAT” fondu təsis edildi. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Fondun öhdəliyinə götürdüyü böyük humanitar missiyaya könüllü şəkildə ölkə vətəndaşlarından, ölkədən kənarda yaşayan soydaşlarımızdan ianələrin köçürülməsi davam edir. Şəhid ailələrinin və qazilərin sosial şəraitinin yaxşılaşdırılmasında həyata keçirilən bu prosesə davamlı dəstək milli birliyimizi bir daha təcəssüm etdirmiş olur.

Bugünə qədər fondun hesabına toplanmış vəsaitin ən düzgün şəkildə istifadəsi və tam şəffaflıqla bu xərclərin hesabatlılığının cəmiyyətə çatdırılması ölkə başçısının bu məsələyə diqqət və qayğsını bir daha ehtiva etmiş olur.

Vətən bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından və sağlamlığından keçmiş Azərbaycanın igid və ləyaqətli övladları və onların yadigarları daima xalq və dövlət dəstəyi ilə bundan sonra da əhatələnəcək, onların sosial problemləri ən sürətli şəkildə və xüsusi diqqətlə həll ediləcəkdir.

Cəbi Quliyev
Milli Məclisin deputatı

Teqlər: