Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Şəhid ailələrinə qayğı və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda sağlamlığını itirmiş insanların sosial müdafiəsi dövlətin sosial siyasətinin prioritetlərindən biridir. Hesab edirəm ki, “YAŞAT” Fondunun yaradılması və fəaliyyəti dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olan vətəndaş təşəbbüslərinin sistemli şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu AzerTimes-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib. Onun fikrincə, fondun şəffaf fəaliyyəti, gördüyü işlər ictimai gözləntiləri dorğrultduğunu göstərir.

“YAŞAT” Fondu tərəfindən 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirildiyini, bu insanların baçlıca ehtiyaclarının müəyyənləşdirildiyini vurğulayan deputat bildirib ki, bu göstəricilər fondun öz fəaliyyətinin effektiv səviyyədə qura bildiyini təsdiq edir. Fond tərəfindən 5000 nəfərdən çox vətəndaş öhdəliyə götürülüb, 4000-dən çox ödəniş həyata keçirilib: “Hər bir qurumun, təşkilatın fəaliyyəti onun gördüyü işlərin miqyası və real nəticələri ilə ölçülür. Təbii ki, fondun görəcəyi işlər çoxdur, kifayət qədər çətin, eyni zamanda vacib bir missiyanı həyata keçirir. Lakin qurumun fəaliyyətinə vətəndaşlarımızın verdiyi dəstək bu çətin missiyanın öhdəsindən gələcəyini söyləməyə əsas verir”.

Soltan Məmmədov qeyd edib ki, cəmiyyətin “YAŞAT” Fondunun fəaliyyətini xüsusi diqqətlə izləməsi ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş insanların ailələrinə, sağlamlığını itirmiş şəxslərə nə qədər həssas yanaşıldığının göstəricisidir. “Hesab edirəm ki, bu münasibət bizim milli birliyimizi, eyni zamanda, insanlarımızın yüksək vətənpərvərliyini nümayiş etdirir. Əlbəttə ki, burada vətəndaşların “YAŞAT” Fondunun fəaliyyətinə inamını da xüsusi vurğulamaq lazımdır. Qısa müddətdə fond cəmiyyətin etibarını qazana bilib və düşünürəm ki, bu, olduqca vacib bir məqamdır”.

Milli Məclisin deputatı Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə də danışıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə yardılmış bu fond dövlətlə cəmiyyət arasında həmrəyliyin və qarşılıqlı etimadın nə qədər güclü olduğunu sübut edir. Soltan Məmmədovun fikrincə, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər böyük zəhmət və maliyyə vəsaiti tələb edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Vətəndaşların bu tarixi əhəmiyyətli prosesdə iştirakı həm sosial-iqtisadi, həm də mənəvi-psixoloji baxımdan mühüm əhəmiyyətə malikdir: “Düşünrəm ki, biz bir daha bütün dünyaya Qarabağın əslində kimə məxsus olduğunu göstərəcəyik. Birliyimiz, həmrəyliyimiz, birgə əməyimiz və dövlətimizin gücü sayəsində o torpaqlara yüzminlərlə soydaşımızın qayıdışı təmin olunacaq. Ermənistanın işğalı nəticəsində xarabalığa çevrilmiş ərazilərə yenidən həyata qayıdacaq. Bu tarixi missiyanın bir parçası olmaq hər bir azərbaycanlı üçün şərəfdir”.

Teqlər: