Şəhid ailələrinə diqqət dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlətin sosial siyasətinin proritet istiqamətlərindən birini təşkil edir. Şəhid ailələrinin mənzil-məişət şəraitinin, sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov AzerTimes-a açıqlamasında bildirib ki, Azərbaycanda şəhid ailələrinə hər zaman diqqət və qayğı yüksək olub.

“Dövlət davamlı olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət digər dövlətlər üçün nümunəvi sayıla bilər. Azərbaycan azsaylı ölkələrdəndir ki, burada şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərilir, onlara dövlət tərəfindən mənzillər və avtomobillər verilir”, – deyə deputat bildirib.

Deputat vurğulayıb ki, bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib, 7400 şəxsə minik avtomobilləri verilib.

“Bu, böyük rəqəmdir. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə mənzillə tam təmin ediləcəklər.

Bir məsələni də qeyd edək ki, təkcə keçən il xeyli sayda Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri artıq mənzillərlə təmin edilib. İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qazilər və şəhid ailələri, onlara da 750 mənzil verilib. Hazırda bu proses uğurla davam etdirilir. Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan, növbədə duran insanların qısa müddətdə mənzillə təmin olunması planlaşdırılır.

Bütün bunlar Azərbaycanda sosial siyasətin uğurla həyata keçirildiyini göstərir. Dövlət bu kateqoriyadan olan insanların rifah halının daha da yaxşılaşıdırlması üçün mühüm addımlar atır. Gələcəkdə də bu diqqət və qayğı davam etdiriləcək”, – deyə deputat bildirib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova AzerTimes-a açıqlamasında deyib ki, ölkəmizdə çox uğurlu sosial siyasət həyata keçirilir və bu siyasətin tərkib hissəsi olaraq ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli istiqamətində ciddi işlər aparılır.

“Dövlət başçısı hər zaman bu istiqamətdə xüsusi diqqət və qayğı göstərir. Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair Fərmanın imzalanması ölkə Prezidentin birinci Qarabağ müharibəsi əlillərinə xüsusi diqqətinin olması ilə yanaşı, ölkəmizdə aparılan uğurlu sosial siyasətin göstəricisidir. Son üç il ərzində bu sahədə inqilabi islahatlar həyata keçirilib. Belə ki, məhz şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb.

2021-ci ilin əvvəlində də bu artımlar olub və son aylarda da ölkə Prezidentinin fərmanı ilə əlillərin müavinətləri artırılıb. Bu kateqoriyadan olan insanların nəinki müavinətləri, eyni zamanda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və avtomobillərlə təmin edilməsi istiqamətində ciddi iş aparılır”, – deyə S.Hüseynova bildirib.

O qeyd edib ki, ölkə Prezidentinin imzaladığı proqram çərçivəsində 2021-2025-ci illərdə 11 min ailənin mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulur:

“2021-ci ildə artıq 2800, ötən dövrdə isə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib. Eyni zamanda, bu il müharibə əlillərinə 164, ötən dövrdə isə 7400 avtomobil verilib. Postmüharibə dövründə ölkəmizdə genişmiqyaslı sosial dəstək paketi həyata keçirilib”.

Teqlər: