Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan və Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 518-ə çatıb.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona qoşulan işəgötürənlərin 272-i dövlət, 246-ı özəl müəssisələrdir.
Onlar tərəfindən marafona artıq 2646 vakansiya təqdim edilib.
Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 773 nəfər (o cümlədən 133 şəhid ailəsi üzvü və 640 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.