Bildiyimiz kimi, avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olundu. Cənab Prezident çıxışında həm bu günə qədər bu qəbildən olan insanların sosial şəraitinin yaxşılaşdırılması sahəsində statistik göstəricilərə əsaslanaraq görülən işlərdən bəhs etdi, həm də bundan sonrakı dövr üçün hədəflərdən söz açdı. Bütün bunlar ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmasının bariz nümünəsidir. Təbii ki, bu qayğı və diqqət ev və avtomibillərin təqdim olunması ilə məhdudlaşmır. Dövlətimizin başçısıın tapşırığı ilə ölkəmizdə bütün dövlət institutları bu istiqamətdə çoxfunksiyalı fəaliyyət göstərir. Fikir versək, özəl sektor da proseslərdə dövlətin yanında olduğunu göstərir.
Cənab Prezident və Birinci xanımın bu tip görüşləri artıq ənənə halını alıb. Hər bir görüş yaddaqalan hadisələrdən ibarət olur. Bu görüşdə də Prezident sosial-həssas qrupdan olan insanların yanında olduğunu bildirməklə yanaşı həm də müəyyən dairələrə bir daha ciddi siyasi mesajlar ötürdü. Qaldı düşmənin dərs çıxarması. Nə qədər tez dərs çıxarsalar özlərinə o qədər daha çox sərf edər.
Görüşdə Prezident qeyd etdi ki, bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Azərbaycan xalqı yaxşı bilir ki, ölkəmizin başçısı öz əməlləri ilə vədlərini və daha artığını reallaşdıran liderdir. Cənab Prezidentin də dediyi kimi, Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı. Bundan sonra bizim daha da güclənməyimiz üçün qarşıda görüləcək çox işlər var. Qəhrəman xalqımız bütün bunların reallaşdırılmasında qüdrətli liderimizin ətrafında sıx birləşəcək.
Müzəffər Ali Baş Komandan xalqımızın uzun illərdir ədalətsizliklərlə üzləşməsindən söz açaraq 1920-ci ildə sovet hakimiyyətinin bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi, ondan sonra o bölgədə azərbaycanlıların deportasiyaya məruz qalması, 1923-cü ildə bizim ərazimizdə heç bir əsası olmadan süni bir qurumun yaradılması, 1940-1950-ci illərdə Ermənistan ərazisindən – qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi kimi faktları səsləndirdi. Düşmən dərk etməlidir ki, Azərbaycan xalqı mübariz xalqdır, xalqın lideri güclü siyasi iradə yə və gücə malikdir və dövlətimiz güclülər sırasındadır. 44 günlük Vətən müharibəsində biz bunu sübut etdik.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov