Şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın evin tikintisi yekunlaşmaq üzrədir

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanın 41 şəhər və rayonunda şəhid ailələri və müharibə
əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq
üzrədir.

AzerTimes-ın məlumatına görə, bu
barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya
iclasında qeyd edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri
Sahil Babayev bildirib ki, evlər yaxın vaxtlarda istifadəyə
veriləcək.

Nazir 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara
təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə
artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam
etdirildiyini deyib: “İndiyədək həmin vətəndaşlara 12 300-dən çox
mənzil və fərdi ev verilib. 2022-ci ilin növbəti islahat paketi
olaraq 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər
sosial ödənişlərdə ciddi artımlarla başladığını, bu artımlara illik
əsasda əlavə 2,1 mlrd. manat sərf olunacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən dövrdə yaradılan, Bakı şəhəri və Abşeron
rayonu üzrə ümumilikdə 2,1 mln. əhalini, o cümlədən sosial
müdafiəyə cəlb olunmuş 450 min şəxsi əhatə edən 5 DOST mərkəzi
tərəfindən 700 mindən çox vətəndaşa xidmət göstərilib. Bu il Bakı
şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin və DOST Agentliyinin ilk
regional mərkəzi kimi Bərdə rayonunda DOST mərkəzinin açılması
planlaşdırılır.

Agentliyin “Şərqi Zəngəzur və Qarabağ” Proqramı çərçivəsində
Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq.
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində isə “Ağıllı
kənd” layihəsi çərçivəsində bu il “Smart DOST” xidmət məntəqəsi də
fəaliyyətə başlayacaq.

Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi üçün bu il və
növbəti illərdə müvafiq addımlar atılacaq. “Könüllü DOST”
proqramının nailiyyətlərindən bəhs olunub və proqramın rəsmi
saytının da hazırlanmaqda olduğu diqqətə çatdırılıb.

Əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq
işləri aparıldığı, əməkdaşların bu sahədə peşəkar səviyyədə
hazırlığı üçün təlimlərə cəlb olunduqları və s. qeyd edilib.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyi tərəfindən səyyar reabilitasiya və icma
əsaslı reabilitasiya xidmətlərinə də başlanmasının nəzərdə
tutulduğu, fərdi reabilitasiya proqramının tətbiqi işləri diqqətə
çatdırılıb.

Bu il Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinin başa
çatdırılacağı və istifadəyə veriləcəyi, 2 saylı Psixonevroloji
sosial xidmət müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan
sonra, həmçinin müəssisənin tikilən yeni korpusunun bu il
açılışının nəzərdə tutulduğu bildirilib.


Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin
filialları əsasında 12 Regional Sosial Xidmət Mərkəzi və onların
tabeliyində ixtisaslaşmış sosial xidmət mərkəzlərinin yaradılacağı
barədə məlumat verilib. Sosial təminat və sosial xidmət
proqramların əhatə dairəsinin genişləndirilməsinin, uşaqların
müəssisələrdən ailələrə qovuşmalarını nəzərdə tutan re-inteqrasiya
tədbirlərinin gücləndirilməsinin əsas hədəflərdən olduğu, “Sosial
Məsuliyyət Platformasının” hazırlanması işlərinin aparıldığı
bildirilib.

Sosial sahədə rəqəmsal innovasiyaların tətbiqinin
genişləndirilməsi işlərindən bəhs olunub. Nazirlik üzrə 110
e-xidmətin, o cümlədən 46 proaktiv xidmətin fəaliyyət göstərdiyi,
Nazirliyin Elektron hökümət portalına yerləşdirilmiş xidmətlərinə
bu ilin yanvar-fevral aylarında 2 635 400, e-sosial.az portalına 2
766 553 müraciət qeydə alındığı diqqətə çatdırılıb.

Nazirlik üzrə 30 növ e-arayış xidmətinin olduğu və həmin
xidmətlər vasitəsilə bu ilin əvvəlindən artıq 108,8 min arayışın
e-qaydada verildiyi bildirilib.

Qeyd edilib ki, Nazirliyin e-sistemlərinin 31 qurumun
informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin
qurumlar tərəfindən bu ilin əvvəlindən Nazirliyin informasiya
bazalarına sorğu sayı 35 milyon olub.

Yeni hazırlanmaqda olan e-sistemlər barədə də məlumat
verilib.

İclasda 2022-ci il üzrə qarşıda duran sosial hədəflərə doğru
mühüm işlərin aparıldığı vurğulanıb. Nazirliyin tabeliyindəki DOST
Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya
Agentliyinin, Sosial Xidmətlər Agentliyinin, Əlillik siyasəti,
Sosial təminat siyasəti, Strateji planlaşdırma və innovasiyalar
şöbəsinin, Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri
şöbələrinin, Nazirliyin nəzdində Tikilməkdə olan Obyektlərin
Müdiriyyətinin, DOST Agentliyinin tabeliyindəki DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzinin, DOST Rəqəmsal İnnovasiyalar
Mərkəzinin 2021-ci il üzrə fəaliyyətinin nəticələri və 2022-ci ildə
qarşıda duran vəzifələri müzakirə olunub.

Həmçinin Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi
tərəfindən həssas əhali qruplarından olan şəxslərə (ailələrə) maddi
yardımın göstərilməsinə dair Təlimatın, yeni peşə və kvalifikasiya
standartlarının təsdiq edilməsi məsələlərinin müzakirəsi
aparılıb.

Teqlər: