Orqanizmə maksimum faydalı olan məhz səhər yeməyidir, çünki o, bədənimizi enerji ilə doldurur və bütün gün üçün əhval-ruhiyyə yaradır.
AzerTimes xəbər verir ki, dietoloqlar zülallar, yağlar və karbohidratlardan ibarət səhər yeməyini məsləhət görürlər.
Sağlam qidalanmanın vacibliyini bildirən dietoloqların məsləhət bildikləri ən yaxşı səhər yeməklərindən biri yulaf əzməsidir. Kalorisi azdır, lakin protein, B vitaminləri, kalsium, kalium, maqnezium, dəmir və liflərlə zəngindir.
Digər ideal səhər yeməyi variantı qarğıdalı, qarabaşaq, darı və digər dənli bitkilərdən hazırlanmış sıyıqdır. Bu qidalar kompleks karbohidratların mənbəyi hesab olunur. Bundan əlavə, onlar amin turşuları ilə zəngindir və bal, meyvə, qoz-fındıq, giləmeyvə, tərəvəz, pendirlə yaxşı gedir. Sağlamlığını və gözəlliyini qorumaq istəyənlər üçün əla qarışıqdır.
Zülal fiziki və zehni iş üçün enerji mənbəyidir. Hüceyrələrin bərpasına kömək edir və insan orqanizmində ən vacib “tikinti elementi” rolunu oynayır. Proteinli səhər yeməyinin həzm edilməsi çox çəkir, yəni toxluq hissi daha uzun müddət davam edir.
Çörək həvəskarlarına səhər yeməyi üçün kəsmik və tərəvəzlə sendviç hazırlamaq tövsiyə edilir. Kəsmiyi azca duzlu qızılbalıqla əvəz edə bilərsiniz.
Vitaminli səhər yeməyi dedikdə, dietoloqlar az yağlı qatıq, meyvə və ya giləmeyvə ilə hazırlanmış smuzi və kokteylləri nəzərdə tutur.
Mütəxəssislər acqarına portağal, xurma və armud yeməməyi tövsiyə edir, çünki onların tərkibində çoxlu qaba lif və turşu var.