Səfirliyimizə hücum zamanı xəsarət alanların son durumu

Səfirliyimizə hücum zamanı xəsarət alanların son durumu

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı xəsarət alanların son durumu açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

“Həkimlərin dediyinə görə, hadisə zamanı xəsarət alan bir əməkdaşımızın əməliyyatı başa çatıb və vəziyyəti yaxşılaşıb, ikinci yaralı əməkdaşımızın əməliyyatı isə davam edir. Həkimin rəyinə görə, ikinci əməkdaşın əməliyyatı daha iki saat davam edəcək və ümid edirik ki, əməliyyat başa çatdıqdan sonra onlar palataya köçürüləcək”, – Əli Əlizadə vurğulayıb.

Diplomat vurğulayıb ki, Azərbaycan İrandan bu terror aktları və onların nəticələrini təqib etməsini, bütün məsuliyyət daşıyanları həbs etməsini və müvafiq orqanlar adından bu hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən edilməsini və nəticələri Azərbaycan Respublikasına bildirməsini gözləyir.

“Biz bu hadisələri terror aktı kimi qiymətləndiririk, çünki iki ölkə arasında belə hadisələr gözlənilmirdi və bu hadisəyə görə çox təəssüflənirik”, – Azərbaycan səfiri qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Teqlər: