Tehran Azərbaycanın İrandakı səfirliyinin yenidən açılmasını istəyir. Bu məqsədlə İran və Azərbaycan xarici işlər nazirləri tez-tez telefonla danışırlar. Qonşu ölkədə səfirliyin bağlı qalması Azərbaycanın da maraqlarına cavab vermir. Ancaq Tehran səfirliyimizin açılması üçün zəruri addımlar atmayıb.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq xatırladıb ki, səfirliyimizə terror hücumunun araşdırılmasıyla bağlı səhih məlumat yoxdur:
“Həmçinin, cinayətkarın həbsdə olub-olmaması da bəlli deyil. Tehran səfirlik binamızın və diplomatlarımızın təhlükəsizliyinə təminat verməlidir. Çünki səfirliyimizə terror hücumu görüntülərindən aydın oldu ki, səfirlik binası ətrafındakı polislər hücumun qarşısını almaq üçün heç nə etməyiblər. Ən pis halda isə özləri şərait yaradıblar.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, Azərbaycan və İran xarici işlər nazirləri son telefon danışığı zamanı gərginliyi idarə etmək və mübahisələri həll etmək üçün iki ölkə arasında texniki nümayəndə heyətlərinin mübadiləsi və digər addımlar haqda razılığa gəliblər. Tehran bununla “iki ölkə arasındakı gərginlikləri həll etmək mümkün deyilsə, heç olmasa, onları idarə etmək lazımdır ki, vəziyyət indikindən də pis olmasın” demək istəyib. Əlbəttə, Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması və səfirimizin Tehrana qayıtması gərginliyi nisbətən azalda bilər. Ancaq bu azdır. Tehran Azərbaycanın daxili işlərinə qarışmaqdan imtina etməlidir.
Bəs Tehran bu siyasətindən imtina etməyə hazırdırmı? Buna dəlalət edən heç nə yoxdur, əksinə, İranın daxili işlər naziri bu günlərdə Azərbaycan əleyhinə hədələyici açıqlamalar səsləndirib. Tehran Azərbaycanla münasibətlərdəki “gərginliyi idarə etməyə” həvəslidirsə, rəsmiləri, deputatları və mollalarını Azərbaycan əleyhinə açıqlamalar verməkdən çəkindirməlidir. Bu olmadıqca nə gərginliyi ortadan qaldırmaq, nə də həmin gərginliyi “idarə etmək” mümkün olacaq”.