Səfirlər, millət vəkilləri ADU-dakı törənə qatıldı – Foto

Səfirlər, millət vəkilləri ADU-dakı törənə qatıldı – Foto

İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, səfirlər və diplomatlar iştirak ediblər.

“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra “Gaudeamus” tələbə himni səslənib.

ADU-nun rektoru, akademik Kamal Abdulla universitetdə tədris edilən ixtisaslar və ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqda danışıb, bildirib ki, ADU-nun 6 min tələbəsi var. 2022-2023-cü tədris ilində universitetin 1500-ə yaxın tələbəsi məzun olur:

“Əziz qonaqlar, dəyərli səfirlər, hörmətli millət vəkilləri! Hər birinizi xoş gördük. Sizin gəlişiniz hamımızı sevindirdi. Tələbələrimiz sizə gəlişinizə görə, onların məzun gününə qoşulmağınız münasibətilə sizlərə minnətdarlığını bildirir.

Bu gün Azərbaycan qalib xalq kimi qalib xalq mədəniyyətini, qüdrətini və əzəmətini bütün dünyaya nümayiş etdirir. Multikultural dəyərlərin qorunub saxlandığı, inkişaf etdiyi bir dövlət kimi, bizim üzərimizə böyük məsuliyyət düşür.

Bu məsuliyyəti hər birimiz yaxşı dərk edirik. Bu məsuliyyəti hər kəs öz işində, əməlində, fəaliyyətində göstərir və bizim həqiqətimiz hamımızın həqiqətidir. Mən inanıram ki, sizlər də bizim həqiqətin ali həqiqət kimi necə və harda olmasını bilirsiniz. Biz inanırıq ki, vaxtilə böyük demokratiya keçmiş ölkələr bizim haqq işimizə öz töhfələrini verəcək”.

Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada 1500 universitet arasında ən yaxşı 301 – 340 universitetlər qrupuna daxil olub. Bildirilib ki, bu uğurun memarları bütün ADU əməkdaşlarıdı.

Kamal Abdulla əlavə edib ki, ADU-nun qapıları öz məzunlarının üzünə həmişə açıq olub və bu, hər zaman belə olacaq:

“Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetin adını həmişə ləyaqətlə ucaldacaqsınız”.

Tədbirdə çıxış edən səfirlər, səfirlik əməkdaşları və Milli Məclisin deputatları ADU-nun qazandığı uğurlardan, bu ali təhsil ocağının genişlənən beynəlxalq əlaqələrindən danışıb, gənclərə gələcək həyatlarında uğurlar arzulayib, təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və fəxri fərmanlar təqdim ediblər.

Tədbirdə akademik göstəriciləri yüksək olan və fəallığı ilə seçilən məzunlara universitetin rəhbərliyi tərəfindən fəxri fərmanlar verilib.

Tədbir bədii proqramla davam edib.

Teqlər: