Sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin şok məktubu ortaya çıxıb.
AzerTimes xəbər verir ki, Bakupost.az-ın tirajladığı məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub, oradan Daxili İşlər Nazirliyinə, DİN-dən isə Ağır Cinayətlər Məhkəməsinin o zamankı sədri Mahmud Nəbiyevə göndərilib.
Mirşahin Ağayevi niyə yenidən efirə qaytardın?
Elmira Axundova 30 iyul 2018-ci ildə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu tutduğu günlərdə ona ünvanladığı məktubunda tanınmış jurnalistlərin – Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının adlarını çəkir, onları satqın adlandırır, onların barəsində tədbirlər görülməsi üçün addımlar atılmasını tələb edir. Mirşahin Ağayevə yenidən efir verilməsinə görə ağsaqqalını qınayır.
Deputatda müxalifəti maliyyələşdirən nazirlə bağlı məlumat olub?
Elmira Axundova nazirin (redaksiya adını açıqlamayıb – red.) və bəzi deputatların barəsində də eyni tərzdə fikirlərini izhar etməklə onları müxalifətə işləməkdə ittiham edir. Yazır ki, onda deputatların müxalifət qəzetlərini maliyyələşdirməsi barəsində məlumatlar var. Elmira Axundova Ramiz Mehdiyevə məktubunda respublikada Fərman Məmmədovun (Həbib Axundovun cinayət işi üzrə zərərçəkən) qabağına çıxarmaq üçün kişi axtardığını yazmaqla onu həbs etməyə çağırır.
Mehdiyevdən tələb: “Hökumət mətbuatında yazılar təşkil elə!”
Ən maraqlısı isə Elmira Axundovanın Ramiz Mehdiyevdən məktubunda hökumət mətbuatında “Fərman Məmmədov kimdir?” kod adı ilə yazılar təşkil etməsini tələb etməsidir.
Axundovadan “bütün kartlarımı ortaya qoyacağam…” hədəsi
Axundova məktubunda Ramiz Mehdiyevin diqqətinə sentyabrda mətbuat konfransı keçirəcəyini yazır, “bütün kartlarımı ortaya qoyacağam… bizim itirəcəyimiz heç nə yoxdur, amma onların itirəcəkləri var” deyir.
Elmira Axundovanın rus dilində yazdığı, 5 səhifəlik, yalnız “Ramiz Mehdiyevin oxuması üçün” girişli məktubu “Yeni Müsavat”ın redaksiyasındadır və yaxın saatlarda tərcüməsi təqdim olunacaq.