Səfirimiz etimadnaməni Fransiskə təqdim etdi – Foto

Səfirimiz etimadnaməni Fransiskə təqdim etdi – Foto

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov etimadnaməsini Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə təqdim edib.

AzerTimes-ın məlumatına görə, görüşdə səfir İ.Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını Papa Fransiskə çatdırıb, Roma Papasını ölkəmizə səfərə dəvət edib. Səfir bildirib ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri otuzillik dövr ərzində böyük inkişaf yolu keçib. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərlərini, eləcə də Papa Fransiskin Azərbaycana səfərini xatırladıb.

Qeyd olunub ki, Azərbaycanın Müqəddəs Tax-Tacda səfirliyinin təsis olunması ikitərəfli əlaqələrə verilən önəmin göstəricisidir.

Söhbət zamanı Papa Fransisk salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmağı xahiş edib. Roma Papası 2016-cı ildə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərini, səfər çərçivəsində dini icmalarının nümayəndələri ilə görüşünü məmnunluqla xatırladıb. Azərbaycanda isti münasibətlə qarşılandığını, səfərdən xoş təəssüratla ayrıldığını qeyd edib.

Roma Katolik Kilsəsinin rəhbəri regiondakı vəziyyətlə maraqlanıb, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi önəm verdiyini, ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasındakı səmərəli əməkdaşlığı qeyd edən Papa Fransisk Fond tərəfindən Vatikanda bərpası həyata keçirilən bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin mədəni irsin qorunması sahəsində böyük işlər olduğunu bildirib. Həmin layihələrin dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət etdiyi qeyd olunub.

Səfir isə öz növbəsində bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda reallaşdırılan layihələr multikultural dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın ənənəvi rolunu bir daha təsdiqləyir.

Papa Fransisk səfirdən Azərbaycan xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

İlqar Muxtarovun Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinlə görüşündə isə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb. Səfir kardinal Pietro Parolinin ölkəmizə səfərə dəvət olunduğunu xatırladıb.

Müqəddəs Taxt-Tacın dövlət katibi səfirdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib, bu il ölkəmizə səfəri edəcəyini bildirib.

Teqlər: