Bakının “Avroviziya” mahnı müsabiqəsi, eləcə də idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi var və o, COP-un artan tələblərinə cavab verə biləcək.
AzerTimes xəbər verir ki, bunu “Bloomberg”ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov deyib.
Səfir bildirib ki, Azərbaycanın ev sahibi kimi təklif olunması qonşu Ermənistanla sülh danışıqlarında irəliləyişə nail olunmasından sonra mümkün olub:
“Azərbaycan 20-ci əsrin ilk neft bumu zamanı birinci yerdə olub. Bu, enerji inqilabının başlanğıcı idi və düşünürəm ki, Azərbaycan enerji keçidinə töhfə verən böyük tədbirlərə ev sahibliyi edə bilər”.
E.Süleymanov həmçinin qeyd edib ki, ötən il Azərbaycan Qara dənizin dibi ilə keçəcək və Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələri külək enerjisi ilə təmin edəcək elektrik kabelinin çəkilməsi ilə bağlı saziş imzalayıb.
Qeyd edək ki, “Climatechangenews” saytı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) Bakının ev sahibliyi edəcəyini bildirib.