Səfər Mehdiyevin şirkətləri bağlandı

Səfər Mehdiyevin şirkətləri bağlandı

Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin özünə və ailəsinə yaxın şirkətlər bağlanıb.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, artıq Səfər Mehdiyevin yaxınlarının adına olan şirkətlər də onların adından çıxarılaraq başqa şəxslərin adına keçirilib. Bəzi şirkətlərdə isə təhvil-təslim işləri aparılır.

Belə şirkətlərdən biri Səfər Mehdiyev tərəfindən yaradılmış Vadi-4 MMC-dir. Bu şirkət gömrükdə xüsusi imtiyazlara sahib olub.

“Vadi-4” karqo daşımaçılıq şirkətidir. Bu karqo şirkəti məhsulları daha sürətlə gömrükdən keçirə bilib. “Vadi-4” çuvalları (bir çuvalda 70 bağlama olur) heç bir maneə olmadan daxili anbarlara çatdırır və bir gün sonra müştəriyə təhvil verirmiş.

MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərov olub. Bu şəxs Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndinin sakini və generalın yaxın qohumudur.

Şirkət bir neçə gün əvvəl Məhərrəm Əbdülhüseyn oğlu İsmayılovun adına keçib.

Məsələ ilə bağlı Vadi-4 MMC-nin sabiq təsisçisi, generalın yaxın qohumu Nəsir Cəfərov açıqlama verərək bildirib ki, rəhbəri olduğu şirkəti artıq təhvil verib:

“Artıq “Vadi-4”-ün rəhbərliyindən getmişəm. Mən şirkətin fəaliyyətini dayandırdım və onun kimin adına keçməsindən xəbərsizəm. İndi şirkəti kimin idarə etdiyini bilmirəm. Mənlik bir şey yoxdur”.

Teqlər: