Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin vəzifədən azad edilməsi müxtəlif ehtimalların səslənməsinə səbəb olub.
AzerTimes xəbər verir ki, bütün diqqət hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində DGK-nin yüksək vəzifəli şəxslərinin həbsinin dərhal ardından Səfər Mehdiyevin işdən çıxarılmasına yönəlib. Adətən, hər hansı rəsmi qurumda DTX-nın əməliyyat aparması o qurumun rəhbərinin dərhal işdən azad edilməsi ilə müşayiət edilməyib. Buna misal olaraq Mədəniyyət Nazirliyini və ya Xarici İşlər Nazirliyini göstərmək mümkündür. Hər iki nazirlikdə DTX genişmiqyaslı əməliyyat keçirmiş, nazirliklərin rüşvət və korrupsiya ilə məşğul olan əsas simalarını həbs etmişdi. Ancaq onların həbsi nazirlərin vəzifədən dərhal azad edilməsinə səbəb olmadı və rəhbər dəyişikliyi DTX istintaqının tam başa çatmasından sonra həyata keçirildi.
İndi isə DTX-nin yaydığı məlumatın dərhal ardından, həm də şənbə günü qurumun rəhbəri vəzifədən azad edilir.
Bu isə təbii ki, müxtəlif ehtimallara yol açır.
Hər şeydən əvvəl diqqəti cəlb edən məsələ odur ki, bu əməliyyat heç də ötən gün başlamayıb. Hələ ötən ayın 20-də, yəni təxminən 25 gün öncə DTX-nin Gömrük Komitəsində əməliyyat keçirdiyi və yüksək vəzifəli şəxsləri həbs etdiyi barədə məlumat yayılmış, daha sonar isə onların məhkəmə yolu ilə istintaq müddətində 3-4 aylıq həbs olunduqları təsdiqlənmişdi.
Həmin zaman DTX-nin ənənəvi olaraq olayla bağlı geniş açıqlama yayacağı gözlənilsə də, bu, baş vermədi.
Ötən gün DTX-nin yaydığı məlumatdan isə bəlli olur ki, cinayət işinə iyunun 10-da başlanılıb, yəni 35 gün öncə. Motiv isə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair daxil olmuş məlumatlardır və DTX bununla bağlı kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib.
Belə anlaşılır ki, kompleks tədbirlər davam etdiyi üçün DTX ötən ay açıqlama yaymamışdı.
Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov barəsində məhkəmə 22 iyunda həbs qərarı verir, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov barədə həbs qərarı 1 iyulda, Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun həbsi isə 14 iyulda baş verir.
M.Rəsulovun həbs səbəblərindən biri “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını qanunsuz olaraq ordan çıxartmasıdır. “Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilovdur ki, bu şəxs 20 iyunda saxlanılmış, 22 iyunda barəsində həbs qərarı verilmişdi.
Belə görünür ki, M.Rəsulovun əməlləri barədə DTX-də artıq ötən aydan siqnallar olub. Birlik direktoru müsadirə edilən və dövlətin mülkiyyətinə keçən malların hərracda satılması zamanı ciddi qanunsuzluq edib – qəsdən qiymətlər çox aşağı qoyulub və əvvəlcədən razılaşdırılmış şəxslərə satılıb. Yəni hərrac deyil, tamaşa qurulub – əvvəlcədən külli miqdarda pul alıb, dövlətin mülkiyyətinə keçən əmlakı “su qiymətinə” satıblar: dövlətə ziyan dəyib, əvəzində özləri külli miqdarda qazanc əldə ediblər.
M.Rəsulov da ciddi yeyintiləri “Azərterminalkompleks” birliyinin əli ilə həyata keçirib. Ancaq onun həbsi 25 gündən sonra, 14 iyulda reallaşıb.
Görünür, bu gecikmənin səbəbi kimi Səfər Mehdiyevin sinif yoldaşı olan M.Rəsulovla bağlı qeyri-səhih informasiyalar verdiyi ehtimalını bölüşmək lazım gəlir.
Səfər Mehdiyevin həbs edilə biləcəyi haqda ehtimalları bölüşmək üçün isə “şübhələri əsaslandıran arqumentlər” azdır, amma etibardan sui-istifadə olduqca ciddi arqumentdir…