“Sədərək” gömrük postunun əməkdaşlarına cinayət işi açıldı

“Sədərək” gömrük postunun əməkdaşlarına cinayət işi açıldı

Naxçıvanda “Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən Azərbaycan ərazisinə nəzarətsiz keçirilməsində təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərinin məhkəməsi başlayır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan AzerTimes-a bildirilib ki, faktla bağlı istintaq olunan cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovla birgə qeydiyyatdan keçirilməyən 12 min manatdan artıq dəyəri olan 25 adda dərman vasitələrini satış məqsədilə ölkə ərazisinə idxal etməkdə şübhəli biliniblər.

S.Paşayev və N.Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, S. Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Y. Teymurov və F. Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddəsi ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

İstintaqı tamamlanan cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: