“Şəddadilər” adlı dövlət olmayıb – Saxta tarix

“Şəddadilər” adlı dövlət olmayıb – Saxta tarix

Bu gün Azərbaycan, Türkiyə, Rusiya və bəzi ölkələrin tarix kitablarında ciddi yanlışıqla Şəddadilər dövləti adı keçir. Guya Şəddadilər kürd mənşəli sünni müsəlman sülalə olmuşdur ki, 951-1199-cu illərdə Ermənistan və Arranın müxtəlif ərazilərini idarə etmişdir. Kim bu Şəddadilər adını elmi dövriyyəyə gətirib və məhz onu kürdlərlə bağlayıb?

Bu adı çəkən tarixçilər istinad kimi İbn Qüteybənin “Kitab ül Məarıf”, Yaqut əl-Həməvinin “Mücəm əl Buldan”, ibn Hallikanın “Vəvayatul Ayan”, Şərəfxan Bidlisinin “Şərəfnamə” əsərlərini istinad kimi göstərirlər. Lakin onların ciddi təhriflərə uğradığını da etiraf etmirlər. Bu barədə digər istinadlar axtarmadan Azərbaycanın ən qədim eli olan Şadlıları Şəddadilər kimi qələmə verirlər. Xüsusilə İngiltərə-Rusiya şərqşünası Vladimir Minorski iddia edir ki, guya Şəddadilər burada eramızdan əvvəl yaşamış kürdlərin ulu babalarıdır. Onun yazılarını oxuyandan sonra sadəcə bir həqiqətə vardım: başdan ayağa yalan və heç bir ciddi mənbəni qoyaq kənara, yazılı qaynaq və daş abidə üzərində bir damğa göstərmədən bu fikirləri irəli sürməsi regionda türk kimliyinin silinməsinə xidmət etməkdən başqa bir şey deyildir.

Birinci qeyd edim ki, Şadlı tayfası Qərbi Azərbaycan və Naxçıvan ərazisində yaşayıb və onlar Xəzər xaqanlığı dövründə bu böyük dövlətə tabe idilər. Türk soylu olan bu tayfa Xəzər xaqanının böyük oğlu və xaqanlığa namizəd olan vəliəhdlərə xidmət edirdi. Ərəblərin hücumlarına qədər bura Şadlı torpaqları olub. Ərəblərin gəlişindən sonra onların yanında olan salnaməçilərin qeydlərində bəzi ərəbdilli yazılı qaynaqlara “Şadın ölkəsi” kimi düşmüşdür.

Türk tədqiqatçısı professor Vəli Saltık yazır: “935-ci ildə Şadlılar Araz və Kür çayları arasında, antik dövrdə “Antopatan” adlanan coğrafi bölgənin quzeyində yerləşən və daha sonra “Aran” adlanan bölgədə, 951-1064-cü illərdə hökmdar olmaqla, 1174-cü ilə qədər bir dövlət qurdular” (Bax: Saltik Veli. Sadiler ve Kockiriler. Kuloğlu Matbaacılık, Ankara 2011).

Şadlılar istər Xorasan bölgəsində, istər Türkiyədə və ya Suriyada yaşadıqları yerlərə və kəndlərə Şadlı adı vermişlər. Sonradan ərəblərin qeyd etdiyi kimi, guya Şadlıların ulu babası Səəd ərəb kökənli olub və İmam Həsənin soyundadır, bunu fars qaynaqları yazıblar və çox təəssüf ki, Osmanlı tarixçiləri də ona inanıblar. Tarixçi alim, dostum, Azərbaycan tarix elmində ilk dəfə olaraq urartuşünaslıq sahəsində geniş tədqiqatlar aparan Ramin Əlizadə yazır: “Biz tarixə nəzər salsaq, ərəb işğalından sonra regionda bir çox yerlərə ərəblərin hakim olmasını görə bilərik, lakin bu regionda hakimlərdən birinin Səəd olması haqqında istər yazılı qaynaqlarda, istərsə də numizmatik materiallarda məlumatlar yoxdur”.

Sonradan bu adlar bir az təhrif olunsa da, “Şidli”, “Şadlı”, “Şatırlı”, “Şəddadi” adlarını saxlamışlar. İstər arxeoloji abidələri, yazılı qaynaqları, istərsə də numizmatik materialları araşdırarkən biz daha çox “Şadlı” sözünə rast gəlirik, nəinki Şəddad. Şəddadilər “Şadlı” sözünün dil üslubuna görə yaranmış addır. Orijinalda Şadlı dövləti rus-osmanlı-fars dilində “şəddadi” kimi yazılıb, bəlkə də qəsdən edilib ki, Şadlı tayfasının qədim soyunu tarixdən silsinlər.

“Şadlı” sözü ərəbcə “Şədd” kimi tələffüz olunmuşdur, “ad//at” isə ərəbcədə başqa dillərdən alınma sözlərə artırılan cəm şəkiçisidir (Bax: Mенда Бейлу. M. 1975, səh 49).

Prof. F.Cəlilov qeyd edir ki, Şadlı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində “şad” sözü, Asur və Urartu qaynağında görünən “şad”, “şadlı” sözləri məkan baxımından Urmiya gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə “şad” sözünə Orxon abidələrində və Çin qaynaqlarında da rast gəlmək olur.

Vedibasar bölgəsində Şadlı boyunun tarixi çox qədm çağlara aiddir. Urmiya hövzəsində isə Şatırlı tayfalarının tarixi miladdan öncə VIII əsrə aiddir. Belə ki, Şatir-araqa (Şatiraraya da oxunur) və Şatiru adlı bölgələr barədə e.ə. 777-ci və 780-ci illərə aid urartu dilində yazılmış tarixi qaynaqlar vardır. Həmin ərazilərdə Şattera adlı bölgəni isə eyni əsrə aid Assur qaynağı da təsdiq edir. Assur – Urartu mətnləri isə I minildə qeydə aldıqları şad titulu və şad, şadlı tayfalarından bəhs edir. (Bax: И.M.Дьяконов. Ассиро Вавилонские источники по истории Урарту. “Вестник Древней Истории”, №2-3, 1951, səh 10).

Çin mənbələrində Dəmirçi (Temuçin) ləqəbi ilə tanıdılan Çingiz xanın da qaratatar soyundan olduğu göstərilir.

Onlar Şadlıların bir qolu olaraq VII əsrdə Mərkəzi Asiyaya ordan da Göytürklərin torpaqlarına və Çinə mühacirət edib burda məskunlaşıblar. (Bax: Joo-Yup Lee. Turkic Identity in Mongol and Post-Mongol Central Asia and the Qipchaq Steppelocked).

Hətta Əmir Teymur Osmanlıları məğlub edəndən sonra Çingiz xan soyundan özünü saydığı üçün Anadoluda məskunlaşıb və “qaratatar” adı ilə bilinən monqol tayfasını Orta Asiyaya aparması haqqında məlumatlar mövcuddur (Bax: Nizaməddin Şami. “Zəfər-namə”. Bakı: Elm, 1992. 40 s.).

Yekun olaraq qeyd edim ki, bu gün bəzi ölkələrin tarix kitablarında yazılan Şəddadilər kürd dövləti deyil, orijinal adı Şadlı dövlətdir, qədim türk xalqıdır, Azərbaycan, xüsusilə Qərbi Azərbaycan ərazisində tarixən yaşayıblar. Dədə Qorqud dastanında adı qeyd edilən Bayandur xan da bu tayfaya aid olub. Şəddadilər adı isə Şadlı adının sonradan təhrif edilmiş formasıdır. Bu tayfanın türk olmasının sübutu isə Orxon abidələrdir. Orda isə konkret yazılıb:

İki oğluma yabğu (və) şad adı verdim.

Yeddi yüz kişini (döyüşə) aparanın böyüyü Şad idi.

Teqlər: