Xəbər - Elçin Mehdiyev – Trend:
20 iyun seçkilərinin nəticələri erməni xalqının “Qarabağ klanı”na olan nifrətini əyani şəkildə ortaya qoydu. Müharibədə rüsvayçı məğlubiyyətə düçar edilən, diz çökərək təslimçi müqaviləyə imza atan Nikol Paşinyanın partiyasının 60 faizə yaxın səs toplaması heç də adı çəkilən şəxsin nüfuzu ilə əlaqəli deyil. Bu baxımdan seçkilərdən sonra Ermənistanda küçə qarşıdurmalarının baş verəcəyi istisna deyil.
Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmədli bildirib ki, bu nəticənin ortaya çıxması müxalifətin sıralarında Sarkisyan və Koçaryan kimi mənfi obrazların ön planda olması ilə şərtlənirdi:
“Bu iki şəxs təkcə Azərbaycan xalqına qarşı törətdiyi müharibə və soyqırım cinayətləri ilə xatırlanmır, həm də 20 ildən artıq erməni xalqına zülm və səfalətə məhkum etmiş personalardır. Beləliklə, “Qarabağ klanı”na olan nifrət erməni xalqını Paşinyana səs vermək məcburiyyəti qarşısında qoydu. Başqa sözlə, erməni xalqı seçkilərdə pislər içərisində daha az pis olanı seçməyə üstünlük verdi.
Dolayısı ilə, müharibənin nəticələrini Azərbaycan xalqının “Dəmir yumruğu” müəyyənləşdirdi. Vətən müharibəsindəki qələbəmizin hüdudları o qədər böyük miqyası əhatə edir ki, hətta Ermənistanın daxilindəki siyasi gəlişmələr şanlı zəfərimizin təsirin altındadır”.
Politoloqun fikrincə, Paşinyanın qələbə qazanması heç də bundan sonra erməni cəmiyyətində sabitliyin yaranacağına əsas vermir: “Ən azından ona görə ki, Paşinyanın qarşısında artıq real müxalifət var. Müharibə canisi, əli Azərbaycan xalqının qanına batmış Robert Koçaryanın heç də kiçik olmayan qüvvə ilə Ermənistan parlamentində təmsil olunması Paşinyanın bundan sonrakı addımlarına təsirsiz ötüşməyəcək. Bu vaxta qədər Koçaryana qarşı asanlıqla repressiv addımlar atmağı bacaran Paşinyan bundan sonra parlament legitimliyi qazanmış müxalifətə qarşı eyni hərəkətləri etməkdə çətinlik çəkəcək. Bu isə seçkilərin qarşıdakı dövrdə müxalifətə daha geniş meydan açması deməkdir.
Digər tərəfdən isə seçkilərdən sonra küçə qarşıdurmalarının baş verəcəyi istisna deyil. Koçaryan artıq bu ssenarinin anonsunu bir neçə həftə əvvəl verib. Ona görə də qarşıdan gələn zaman kəsiyində Paşinyan hakimiyyətinə qarşı fiziki müqavimətin olacağına şübhə etmirəm”.