Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Tatarıstan Respublikasında “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
Bu barədə AzerTimes-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Forumda “Azərbaycan Respublikasında qadınların səlahiyyətlərinin artırılması” mövzusunda çıxışı zamanı Müvəkkil Azərbaycanda qadınların cəmiyyətdəki rolundan, onların ölkənin ictimai-siyasi həyatında iştirakının əhəmiyyətindən bəhs edib.
Qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsində ombudsman və milli insan hüquqları təsisatlarının mühüm rol oynadığını qeyd edən S.Əliyeva müvafiq sahədə həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, Aparat tərəfindən qadınlar arasında hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edib. Eləcə də təsisat tərəfindən “Genderə giriş” mühazirələr toplusunun, çap vasitələrinin və müvafiq mövzuda məqalələrin hazırlandığı bildirilib.
Eyni zamanda, Ombudsman tərəfindən mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də yeni qanun layihələrinin qəbul olunması ilə bağlı tövsiyələrin hazırlandığı diqqətə çatdırılıb.
Müvəkkil ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmini məsələlərinə, gender bərabərliyinə nail olunmasına xüsusi diqqət yetirildiyini söyləyib, qadın hüquqlarının müdafiəsi baxımından milli qanunvericilikdə mühüm əhəmiyyətə malik islahatların həyata keçirildiyini qeyd edib.
Ombudsman qadınların ölkə həyatının bütün sahələrinə fəal cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində gender siyasətinin inkişafında irəliləyişlərin əldə olunduğunu bildirib.
Müvəkkil qadınların təhsil almaq hüququnun təmini, qadın sahibkarlığının inkişaf etdirilməsi istiqamətində əldə edilmiş müsbət təcrübələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva Tatarıstan Respublikası Dövlət Şurasının “Mərhəmət” qadın deputatları assosiasiyasının rəhbəri Alsu Nəbiyeva və bir qrup qadın deputatla görüşüb.
Görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyətindən danışıb, beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyini, o cümlədən xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə sıx əlaqələrin mövcud olduğunu qeyd edib.
Tatarıstanın Ombudsmanı ilə əməkdaşlıq əlaqələrindən bəhs edən S.Əliyeva təsisatlar arasındakı mövcud münasibətləri yüksək qiymətləndirib. Görüşdə, həmçinin insan hüquq və azadlıqlarının təmini və bir sıra digər istiqamətlərdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra Ombudsman “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəniyyəti Muxtariyyəti” regional ictimai təşkilatında görüş keçirib. Görüş zamanı Müvəkkilə təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verilib, müxtəlif xalqların ənənələrinin, dillərinin qorunub saxlanılması üçün tədbirlərin görüldüyü diqqətə çatdırılıb, məktəblilər üçün “Dostluq dərsləri”nin tədris olunduğu qeyd edilib, eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.