“Şəbih” sözünün tərcüməsi “oxşar, bənzər” deməkdir. İslam müqəddəslərinin həyat tarixçəsini, xüsusilə, Kərbəla faciəsini simvolik formada əks etdirən meydan tamaşalarına şəbih deyilir.
Adətən, xalq içindən çıxmış qeyri-professional aktyorların iştirakı ilə açıq havada keçirilən bu tamaşaların ssenarisində növhə və mərsiyələr əsas yer tuturdu. Şəbih tamaşaları çox zaman ayrı-ayrı epizodlar üzrə bir neçə gün ardıcıl keçirilirdi (Əli Əkbərin şəhadəti, Əli Əsğərin qətli, Qasim otağı, Əbülfəzl Abbasın şəhadəti, İmam Hüseynin (ə) şəhadəti, Müslimin balalarının müsibəti və s.). Məhəllə miqyasında keçirilən şəbihlərdə rekvizit kimi asan tapılan əşyalardan istifadə olunurdu. Məsələn, bir teşt su Fürat çayını simvolizə edirdi. Ümumiyyətlə, şəbihlərdə zahiri effektlər, simvolizm, melodramatizm özünü qabarıq şəkildə göstərirdi. Qadın rollarını adətən kişilər ifa edirdilər.
Sovet inqilabından əvvəl Azərbaycanda da şəbih tamaşaları geniş yayılmışdı. Hal-hazırda bir çox müsəlman ölkələrində professional teatr qruplarının ifasında şəbihlər hazırlanıb nümayiş etdirilir.