İstər məktəb daxilində, istərsə də məktəbdən kənarda belə halların baş verməsində müəllimi günahlandırmaq doğru deyil.
Bu sözləri AzerTimes-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına münasibət bildirərkən zamanı deyib.
E.Əfəndiyev bildirib ki, ailə tərbiyəsi başlıca şərtdir:
“Məktəb tədris, təhsil prosesində iştirak edir. Tərbiyə prosesində məktəbin rolu ailənin rolu qədər deyil. Sinifdə 25-30 şagird varsa, müəllim şagirdlərin hər birinin tərbiyə prosesi ilə məşğul olmalıdır, yoxsa fənni öyrətməlidir? Təhsil prosesində müəllim müəyyən bir vəziyyətlə bağlı nəyinsə izahını və ya hər hansı bir ibrətamiz hekayə, təmsil oxumaqla şagirdi məlumatlandırırsa, şagird buradan nələrisə öyrənə bilər. Təbii ki, öyrənən düzgün ailə tərbiyəsi görmüş şəxslər olacaq. Digərləri üçün hekayənin məntiqi, ideası anlaşılmaz olaraq qalacaq. İlkin təməl bilik məktəbdə verilirsə, ilkin tərbiyəni də valideyn verir. Sözügedən situasiyaya nəzər salsaq görərik ki, şiddətə məruz qalan və şiddəti törədənin etdiyi hərəkətlər doğru deyil. Bu artıq onu göstərir ki, valideyn diqqətindən kənar böyüyüblər. Valideynlər qeyri-etik davranışları və zorakılıqları övladlarının gözü qarşısında sərgiləyib. Nəticə etibarı ilə uşaq o davranışları valideynindən götürüb. Erkən yaş dövründə uşağın təməl tərbiyəsini düzgün qoymamışıqsa, yuxarı siniflərdə və ya müəyyən bir dövrdə həmin şəxsin təməlində qoyulan təlim-tərbiyə öz nəticəsin verəcək. Valideyn övladını müəllimlə, müəllim şagirdini valideynlə çəkindirməlidir. Əvvəlki dövrdə belə olduğu üçün neqativ vəziyyət də yox idi. İndi isə müəllim müəyyən səbəblərdən valideyn qarşısında gözükölgəli olduğu üçün valideynin də, şagirdin də ötkəmi müəllim üzərində artır”.