Ölkə rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Səbail rayonunda aparılan quruculuq işləri çərçivəsində irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su təchizatı ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Eyni zamanda rayon ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq müasir tələblərə cavab verən yeni parklar, yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
Səbail Rayon İcra Hakimiyyətindən AzerTimes-a bildirilib ki, rayon ərazisində aparılan quruculuq və abadlıq işləri çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun mərkəzi hissəsində 19 və 20-ci əsrlərdə yaşayıb yaratmış şairlərin, yazıçıların, tarixi şəxsiyyətlərin və alimlərin xatirəsinə quraşdırılmış abidələr, heykəllər, büstlər, qorelyef və barelyeflər ətrafında təmizlik işləri mütəmadi olaraq aparılır.
Növbəti belə iməcilik aksiyası bu günlərdə Səbail Rayon Mənzil Komunnal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, Bələdiyyələrin əməkdaşları və könüllülər tərəfindən rayon ərazisində yerləşən bütün heykəltəraşlıq abidələrində neytral yuyucu vasitələrdən istifadə olunmaqla təmizlik işləri həyata keçirilmişdir.
Bununla yanaşı, qeyd etmək istəyirik ki, rayonunun mərkəzi hissəsində yerləşən tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən davam edir. Tarixi binalar və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmayan və heç bir qaydaya riayət etməyən işıqlı reklamların qoyulmasının, konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin, daşları korlanmasının qarşısı qətiyyətlə alınır.