Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev və Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilmişdi.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin aşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdü. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirmişdi.

Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Teqlər: