Saxta turizm şirkətləri insanları necə aldadırmış?

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda “Turizm haqqında” yeni qanun turistlərin
aldadılması hallarının qarşısını alacaq. Bunu AzerTimes-a turizm məsələləri
üzrə ekspert Əziz Şiriyev deyib.

O bildirib ki, yeni qanun turizm şirkətləri qarşısında bir sıra
tələblər qoyur.

“Əvvəl turizm şirkətinin yaradılması üçün lisenziya tələb
edilirdi. Lakin sonra bu tələb ləğv edildi. Əslində lisenziyanın
ləğv edilməsində məqsəd turizm sahəsində inkişafa nail olmaq idi,
amma bəzi insanlar bundan düzgün istifadə etmədilər və saxta turizm
şirkətlərinin sayı artmağa başladı.

Əvvəl 289 turizm şirkəti var idi və o şirkətlərin hər biri
lisenziya, akreditasiya ilə işləyirdi. Lakin lisenziya tələbi
aradan qalxdıqdan sonra insanlar asan şəkildə şirkət açmağa
başladılar. Yeni yaradılan şirkətlərin çoxu da sosial şəbəkələr
üzərindən fəaliyyət göstərməyə, heç bir ofisi, işçi heyəti olmadan
işləməyə başladılar. Müştərilər kütləvi şəkildə fırıldaqçılarla
üz-üzə qaldılar. İnsanlar turpaketə pul ödəyib, sonradan səfərə
getmək üçün hava limanına gedəndə görürdülər ki, əslində onları
aldadıblar, turpaketi satan şirkətə isə zəng çatmır. “Turizm
haqqında” yeni qanun artıq bu məsələlərə son qoymuş oldu.

Artıq bundan sonra turizm şirkətləri fiziki yox, hüquqi şəxs
olacaq. Şirkətlər qeydiyyata düşəcəklər, ofislərinin ünvanı, nə
qədər işçilərinin olması barədə məlumat verəcəklər. Bütün bunlardan
sonra artıq peşəkar şirkətlər fəaliyyət göstərəcək, tələblərə cavab
verməyənlər isə cərimələnəcək”, – deyə Ə.Şiriyev əlavə edib.

Teqlər: