Saytlarda elan yerləşdirərək vətəndaşları aldadan şəxslər saxlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Neftçala rayon sakinləri – 26 yaşlı Orxan İskəndərov və 37 yaşlı Elmar Fərəcov tutulublar.
İlkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.
Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar avtomobil elanları saytlarında VAZ markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi tədqim ediblər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsmiş və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəmişlər.
Faktlarla bağlı hər iki şəxs barəsində Ucar RPŞ-də cinayət işi açılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.
“Polis əməkdaşları Orxan İskəndərovun və Elmar Fərəcovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Ucar RPŞ-nə və ya şəhər telefonlarından 02021-3-00-53 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.