Şaumyan etiraf edib ki, mart qırğınlarına şüurlu şəkildə yol veriblər – Alim

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ermənilər tərəfindən azərbaycanlılara qarşı 103 il əvvəl törədilmiş soyqırımı daha çox öyrənilməli, təhlil edilməlidir.

Bunu AzerTimes-a tarix üzrə fəlsəfə doktoru, dosent Əsəd Qurbanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz qiymətini almamış soyqırımı da tarixin tam açılmamış səhifələrindən biridir.

Tarixçi əlavə edib ki, Rusiyada 1917-ci ilin fevral və oktyabr aylarında baş vermiş çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında S.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdürdü:

“Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurmuş, insanlar diri-diri yandırılmış, milli memarlıq incilər, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri məhv edilmiş, Bakının böyük bir hissəsini xarabalığa çevrilmişdi.1918-ci il mart ayının 30-da Bakı Sovetinin rəhbərlik etdiyi daşnak hərbi dəstələr türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımı siyasəti və üç gün davam edən Bakı qırğınları nəticəsində əksinqilabçı, müsavatçı adı ilə 12 min nəfər dinc əhali amansızlıqla qətlə yetirilmişdi. Bu qarğınlara rəhbərlik etmiş S.Şaumyan rəsmi hesabatında bütün buları etiraf edərək bildirirdi ki, biz buna şüurlu şəkildə yol verdik…Biz döyüşlərdə parlaq qələbə qazanmışıq…”.

Ə.Qurbanlı bildirib ki, azərbaycanlıların soyqırımını 1918-ci ildə Bakıda baş vermiş mart soyqırımı ilə məhdudlaşdırmaq olmaz. Belə ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmışdı:

“Fövqaladə Təhqiqat Komissiyasının məlumatına görə, Şamaxı qəzasında 72 kənd dağıdılmış, 7 mindən çox əhali qanına qəltan edilmişdi. Quba qəzasında 122 müsəlman kəndindi dağıdılmış, 50 mindən artıq əhali məhv edilmişdi.Zəngəzur qəzasında isə, 115 müsəlman kəndinin dağıdılaraq yer üzərindən silindiyi, nəticədə 10068 nəfər Azərbaycan türkünün öldürüldüyü bildirilir.Komissiyanın məruzəsində deyilirdi: “…müsəlmanların evlərinə soxulan ermənilər onları xəncərlə doğram-doğram süngülərlə deşik-deşik edir,uşaqları yanan evin alovları içərisinə atır,3-4 günlük çağaları süngünün ucunda oynadır,bir sözlə, heç kimə rəhm etmədən hamısını öldürürdülər”.

Tarixçi deyib ki, İrəvanın paytaxt kimi ermənilərə “güzəştindən” sonra da 211 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi:

“İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhəri olmuş İrəvan şəhərində və onun ətrafında 88 kənd dağıdılmış,1920 ev yandırılmış,132 min Azərbaycan türkü məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdi”.

Teqlər: