Xəbər - Elçin Mehdiyev – Trend:
Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafı baxımından Bakının və Aİ-nin yeni bir mərhələnin astanasında olduqları təəssüratını formalaşdırdı.
Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, Avropa İttifaqı (Aİ) Ermənistana 2,6 milyard avroluq yardım paketi ayırması və yardımın daha 3 milyard avro artırıla biləcəyi barədə verilən açıqlamalar Aİ Şurası prezidenti Şarl Mişelin Azərbaycana səfəri öncəsi ölkəmizdə haqlı narazılıqlara səbəb olmuş, müəyyən qədər neqativ əhval-ruhiyyəyə zəmin yaratmışdı:
“Şarl Mişelin Ermənistanın baş naziri səlahiyyıətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər, həmçinin mediada bu fikirlərin maraqlı tərəflərin baxış bucağından təqdimatı Aİ Şurası prezidentinin Azərbaycana səfəri ilə bağlı gözləntilərə də öz təsirini göstərmişdi. Təbii ki, bütün bu amillər Aİ Şurası prezidentinin ölkəmizə səfərinə olan diqqəti daha da artırmış, həm Azərbaycan, həm Ermənistan ictimaiyyətinin, eləcə də siyasi dairələrin, medianın, ekspertlərin səfərə xüsusi həssaslıqla yanaşmalarına səbəb olmuşdu.
Amma Şarl Mişelin Ermənistana səfəri üzərindən isrəli sürülən ehtimallar, həmçinin rəsmi İrəvanın gözləntiləri özünü doğrultmadı və Aİ Şurası Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafı baxımından Bakının və Aİ-nin yeni bir mərhələnin astanasında olduqları təəssüratını formalaşdırdı”.
E.Mirzəbəylinin sözlərinə görə, səfər çərçivəsində diqqət çəkən əsas məqamlardan biri, heç şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi münasibətlərin yeni bir müstəviyə keçəcəyini nümayiş etdirən gəlişmələrdir:
“Bu xüsusuda Şarl Mişelin ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə yaxından tanış olması, “Azərkosmos” ASC-in ziyarəti, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak etməsi, Azərbaycan-Aİ iqtisadi münasibətlərinin diversifikasiyası perspektivinin yüksək olduğunu və enerji sahəsindəki ənənəvi əməkdaşlıqdan daha geniş müstəviyə daşına biləcəyinə ümidlər yaradır.
Aİ Şurası Prezidentinin regiona səfəri zamanı balanslı davranması, həmçinin Şmaxıdakı Cümə məscidini ziyarət etməklə Azərbaycan xalqının dəyərlərinə hörmətini nümayiş etdirməsi də, qənaətimə görə, qarşılıqlı münasibtələrin inkişafı üçün pozitiv fon yaradılmasına xidmət edən amil kimi qəbul oluna bilər.
Şarl Mişelin öz nitqində “Dağlıq Qarabağ”, “status” və bu kimi reallığı əks etdirməyən, həmçinin Azərbaycanın suveren hüquqlarına zidd olan ifadələr işlətməməsi, Ermənistanla Azərbaycan arasındakı, xüsusilə də rəsmi Yerevanın öz baxış bucağından təqdim etməyə çalışdığı məsələləri mübahisəli adlandırması, Avropa İttifaqının 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlara anlayışla yanaşdığını və öz siyasətində bu reallıqları nəzərə aldığını nümayiş etdirir.
Aİ Şurası Prezidentinin Azərbaycana səfəri çərçivəsində dilə gətirdiyi ən mühüm fikirlərdən biri və bəlkə də birincisi, Aİ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə rəsmi Brüsselin niyyətinin və mövqeyinin açıqlanmasıdır. Məlum olduğu kimi Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Şarl Mişelin açıqlamaları da sübuta yetirir ki, Azərbaycanın Aİ üzvü olan dövlətlərlə ikitərəfli qaydada qurduğu strateji tərəfdaşlıq daha da genişlənərək bütün Avropa İttifaqını əhatə edəcək. Və bütün bunlar hansısa “assosiativ sazişlərə qoşulmalar” çərçivəsində deyil, bərabərhüquqlu və ikitərəfli qaydada gerçəkləşdiriləcək. Bütün bunlara əsas verilən amillər isə, yalnız ölkəmizin böyük iqtisadi potensialı ilə bağlı deyil.
Azərbaycan cəmiyyətinin müasir inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan pozitiv əhval-ruhiyyə, siyasi partiyaların, medianın, vətəndaş cəmiyyəti instutlarının, bütövlükdə isə siyasi sistemin azad mühitdə inkişafı istiqamətində həyata keçrilən sistemli tədbirlər, Ermənistandan fərqli olaraq, Azərbaycanın sözdə deyil, real və sürətli inkişaf yolunda olduğunu göz önünə sərgiləyir.
Düşünürəm ki, Avropa İttifaqı Şurası sədrinin Azərbaycana səfəri qarşılılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır və Aİ Avropa şirkətlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “smart village” kimi müasir texnoloji əsaslara malik layihələrdə iştiraka təşviq etməklə prosesi daha da sürətləndirə bilər”.