Şarl Mişelin səfəri Aİ-nin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini göstərdi

Xəbər - Elçin Mehdiyev – Trend:

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri və səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər Aİ-nin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini göstərdi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu səfər göstərdi ki, Aİ ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq qurulub: “Bildiyiniz kimi, Şarl Mişelin Azərbaycana səfəri Cənubi Qafqaza səfər çərçivəsində baş tutub. Bu baxımdan, onu söyləmək olar ki, Şarl Mişelin region ölkələrinə səfərində protokol qaydalarına tam riayət edildi, Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrıldı”.

Deputat qeyd edib ki, ötən illər ərzində Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan ilə Aİ arasında möhkəm təməllərə əsaslanan əməkdaşlıq qurulub: “Səfər çərçivəsində bu əməkdaşlığın şaxələndirilməsi imkanları da müzakirə edildi. Avropa İttifaqının üçdəbir hissəsini təşkil edən 9 üzv dövlətlə Azərbaycanın tərəfdaşlıq haqda ikili formatda sazişləri, bəyannamələri mövcuddur. Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 70 faizini özündə cəmləşdirməklə hazırda Azərbaycanda Avropa İttifaqına üzv olan dövlətlərdən 1700-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycanla Aİ arasında əməkdaşlığın əsasını ticarət sahəsi təşkil edir ki, bu da Azərbaycanın xarici ticarətinin 40 faizini təşkil edir. Bu da öz növbəsində Cənubi Qafqaz ölkələri arasında ən yüksək göstəricidir.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Avropa İttifaqı ilə ötənilki ticarət dövriyəsi 9.5 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, Azərbaycanın Aİ ölkələrinə ixracı 6.8 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkələrimiz arasında çox səmərəli və uğurlu əməkdaşlığın mövcud olduğunu göstərir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri haqqında razılaşma da paraflanıb və yeni saziş üzərində işlər aparılır. Təbii ki, Azərbaycan da Aİ ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Yəni bu əməkdaşlığın inkişaf etdirilməsində hər iki tərəf maraqlıdır və bunun üçün də illərlə qurulan möhkəm təməllər mövcuddur” .

Deputat əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı ölkələrdən biridir: “Azərbaycan etibarlı və məsuliyyətli ölkə olaraq uzun müddətdir ki, Avropanı xam neftlə təchiz edir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan tarixi “Cənub” qaz dəhlizi ötən il tam istifadəyə verildikdən sonra Azərbaycan eyni zamanda Avropanı təbii qazla da təchiz edən ölkəyə çevrildi.

Şarl Mişel də ölkəmizə səfəri çərçivəsində Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək bu əməkdaşlığı yeni texnologiyalar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Azərbaycanda həm rəqəmsal texnologiyalara, həm də iqlim dəyişikliyinə cavab verən iqtisadi inkişaf mövcuddur ki, bu da Avropa İttifaqının marağındadır.

Ümumulikdə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri çox uğurlu oldu və bu, tərəflər arasında əməkdaşlığın inkişafında yeni səhifə açır”.

Teqlər: