Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil.
AzerTimes-ın məlumatına görə, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı deyib.
Aİ Şurasının Prezidenti Şarl Mişel bildirib:
“Öz növbəmdə qonaqpərvərliyinizə, Sizinlə görüşmək fürsətinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin də qeyd etdiyini kimi, bizim Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin mahiyyəti barədə intensiv və dərin fikir mübadiləsi aparmaq – bu, müzakirə olunmuş birinci məsələdir. Çünki biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik. Bu gün səhər mən Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum. Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”.