İlon Maskın elektrik avtomobil şirkəti “Tesla” Çində elektromobillər üçün batareya istehsal etmək məqsədilə yeni zavod tikəcək. Kompaniyanın rəsmiləri bildiriblər ki, Şanxaydakı zavod ildə 10 min megapaket enerji batareyası istehsal edə biləcək.
AzerTimes xəbər verir ki, meqapaket enerji şəbəkələrini sabitləşdirmək və elektrik kəsintisinin qarşısını almaq üçün istifadə edilə bilən çox böyük batareyadır. “Tesla” kompaniyasının artıq Kaliforniyada megapaket zavodu var və orada hər il 10 min ədəd istehsal edilir. İlon Mask tviter hesabında bildirib ki, Çindəki yeni zavod “Tesla”nın Kaliforniyadakı müəssisəsinə əlavə olacaq.
Çinin Sinxua agentliyinin məlumatına görə, bu ölkədə yeni zavodun tikinti işlərinə bu ilin sonunda start veriləcəyi gözlənilir, batareya istehsalına isə 2024-cü ilin yayında başlanacaq. Məlumatda qeyd olunub ki, Çin “Tesla”nın istehsalı artırmaq və xərcləri azaltmaq üçün istifadə edə biləcəyi ən böyük batareya istehsalçısıdır.
Bu açıqlama ABŞ hökumətinin Pekin və Vaşinqton arasında artan gərginlik fonunda Amerika şirkətlərinə Çinə daha az etibar etmələri üçün təzyiq göstərdiyi bir vaxtda verilib. Keçən il federal maliyyə vəsaitləri alan ABŞ texnologiya firmalarına Bayden administrasiyası tərəfindən 10 il müddətinə Çində “qabaqcıl texnologiya” obyektləri tikmək qadağan edilib. Bu təlimatlar ABŞ yarımkeçirici sənayesini inkişaf etdirməyə yönəlmiş 50 milyard dollarlıq planın bir hissəsi idi.
Prezident Bayden ötən ilin avqustunda Çinin qarşısında ABŞ-nin texnoloji üstünlüyünü itirməsi qorxusu fonunda yüksək texnologiyalı istehsal və elmi tədqiqatlara 280 milyard dollar ayıran qanunu imzalayıb. 2019-cu ildə “Tesla” Amerikadan kənarda – Şanxayda ilk fabrikini açıb. Zavod hazırda həftədə 22 min avtomobil istehsal edir. Bu kompaniya, həmçinin Almaniyada, Berlin yaxınlığında avtomobillər istehsal edir və Meksikanın Monterrey şəhərində də zavodun tikintisi planlarını açıqlayıb.
Dünyanın ən böyük avtomobil bazarı olan Çində iqtisadiyyatın yavaşlaması səbəbindən bu il avtomobil satışlarında kəskin azalma müşahidə olunub. Keçən ay “Tesla” ölkədə satılmamış avtomobillərin sayının artması və sərt rəqabətlə üzləşməsi səbəbindən Şanxay zavodunda istehsal edilən modellərin qiymətlərini endirib.