Azərbaycanın ilk ombudsmanı, Ağsaqqallar Şurasının sədr müavini professor Elmira Süleymanova 2 Fevral – Gənclər Günü münasibətilə gənclərə müraciət edib.
AzerTimes xəbər verir ki, müraciətdə deyilir:
“Nəsildən-nəsilə ərmağan
Əziz Azərbaycan Gəncləri!
Dövlətimizdə gənclər siyasətinin, habelə hər il fəxrlə, qururla, hamılıqla qeyd etdiyimiz 2 Fevral “Gənclər Günü”nün milli bayram kimi qeyd olunmasının bünövrəsini müstəqil Azərbaycan Respublikasının memarı və inkişaf strategiyalarının müəllifi, ulu öndər Heydər Əliyev qoymuşdur.
Və bu yollarla irəliləyən yeni tariximiz dövründə gənclərimizin də dövlətimizin hərtərəfli inkişafında həm ölkədaxili, həm də beynəlxalq uğurlarında imzası olmuşdur.
30 illik həsrətində olduğumuz torpaqlarımızın işğaldan azad olunması, ağır məcburi köçkün ömrü yaşamış yüz minlərlə soydaşlarımızın öz yurdlarına qayıtmasına yol açmış, Müzəffər ölkə Prezidentimiz, Ali Baş Komandan, istedadlı strateq və sərkərdə cənab İlham Əliyevin ətafında “dəmir yumruq” kimi birləşmiş xalqımız və ordumuzun qüdrəti ilə Zəfər çalmağımızda gənclərin böyük rolunu cənab Prezident belə qiymətləndirmişdir: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik…”.
Bu şanlı zəfərimiz gənclərimizin yeni məqsədlər ətrafında birləşərək, daha da böyük enerji ilə, fəallıqla, həvəslə işğaldan azad olunmuş torpaqlarımızda geniş quruculuq işlərində iştirak etməsi üçün yeni üfüqlər, yeni imkanlar açır, ruhlandırır.
Gəlin, əzəmətli, xoşbəxt gələcəyimizə doğru, nəsillər arasında körpülər quraraq, yeni uğurlarla birgə addımlayaq!
Bura Vətəndir! Bu Bizik!”.