Şanlı tariximizdə Aprel qələbəsi həm də doğma yurdlarımıza Böyük Qayıdışın başlanması ilə yadda qaldı – Şahin Bayramov

Böyük Zəfərin müjdəçisi, şanlı Aprel döyüşlərindən altı il ötür.
Erməni təxribatlarına cavab olaraq, 2016-cı ilin aprelin 2-dən
5-dək aparılan əks-hücum əməliyyatları zamanı qısa müddətdə
düşmənin yüzlərlə canlı qüvvəsi, xeyli sayda silah və hərbi
texnikası məhv edildi, minlərlə hektar ərazi düşmən işğalından azad
edildi. Bununla da, Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü
və xalqımızın həmrəyliyini dünyaya nümayiş etdirdi və qələbəyə olan
inamımızı daha da artırdı.

Uzun müddət fasilədən sonra xalqımıza böyük sevinc hissləri
yaşadan parlaq Aprel qələbəsi qəhrəmanlıq tariximizə qızıl
hərflərlə həkk olunmaqla yanaşı, 44 günlük Vətən müharibəsində
qazanılan tarixi Zəfər üçün böyük zəmin yaratdı. Çox keçmədi ki,
Möhtərəm Prezidentimiz İlham Əliyevin Aprel döyüşləri haqqında
səsləndirdiyi fikirlər öz tarixi təsdiqini tapdı: “Bu döyüşlər onu
göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla
barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun
bərpa edəcəkdir”.

Qürurverici haldır ki, Aprel döyüşlərində başlanılan qələbə
marafonu Vətən müharibəsində böyük qalibiyyətlə başa çatdırılmış
oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qəhrəman
Azərbaycan Əsgərinin şücaəti sayəsində 30 illik yurd həsrətinə son
qoyuldu və tarixi ədalət bərpa edildi. Bu gün Aprel qələbəsini
ərazi bütövlüyümüzün təmin olunduğu və Azərbaycan bayrağının doğma
Qarabağda dalğalandığı bir dövrdə qeyd etməkdən sonsuz sevinc
hissləri duyuruq. Vətən uğrunda canlarını fəda edərək, bu möhtəşəm
hissləri xalqımıza yaşadan şəhidlərimizi daim böyük ehtiramla
anırıq. Allahdan bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa
diləyirəm.

Şanlı tariximizdə Aprel qələbəsi həm də doğma yurdlarımıza Böyük
Qayıdışın başlanması ilə yadda qaldı. Belə ki, məhz Aprel
qələbəsindən sonra ən qısa zamanda Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndində yeni qəsəbə salındı və beləliklə, “Böyük Qayıdış”
prosesinə start verildi. Bu, həm xalqımızın qələbələrə ümidlərini
gücləndirdi, həm də uzun müddət erməni vandalizminə məruz qalmış
torpaqların əsl sahiblərinin kim olduğunu dünyaya nümayiş
etdirdi.

Tarixi Qarabağ Zəfərindən sonra isə Böyük Qayıdışın artıq
işğaldan azad edilmiş bütün əzəli torpaqlarımızı əhatə etməsi hər
birimizdə böyük fəxarət və sevinc hissləri yaşadır. Bu gün doğma
yurdlarımızın sürətlə dirçəldilməsi əminliklə deməyə əsas verir ki,
Qarabağa və Şərqi Zəngəzura qayıdış tezliklə yüksək səviyyədə
tamamlanacaq, hər qarışında şəhidlərimizin ayaq və qan izləri olan
bu müqəddəs torpaqlarda daim sülh, firavanlıq və tərəqqi hökm
sürəcəkdir.

MDU-nun rektoru Şahin Bayramov

Teqlər: