Sankt-Peterburqla əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının
Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə
əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası
keçirilib.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
videokonfrans formatında keçirilən iclasda Hökumətlərarası
Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının iqtisadiyyat
nazirinin birinci müavini Elnur Əliyev və Sankt-Peterburq
Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev,
eləcə də hər iki tərəfdən Komissiyada təmsil olunan müvafiq
qurumların nümayəndələri iştirak ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dost və
qonşu olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın uğurla davam
etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o
cümlədən Sankt-Peterburqla işgüzar münasibətlər genişlənir.
Azərbaycan-Rusiya tərəfdaşlığının inkişafında yüksək səviyyəli
səfərlərin, keçirilən görüşlərin önəmini diqqətə çatdıran Elnur
Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
2019 və 2021-ci illərdə MDB dövlət başçılarının Sankt-Peterburqda
keçirilən görüşlərində iştirakını, aparılan müzakirələrin ikitərfli
əməkdaşlığın genişlənməsində xüsusi rolunu vurğulayıb. Bildirilib
ki, Sankt-Peterburqla sənaye, ticarət, investisiya, innovasiya,
turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün
geniş perspektivlər vardır. Qeyd olunub ki, işğaldan azad edilmiş
ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin böyük
maraq göstərməsi ölkəmizdə məmnunluqla qarşılanır.

Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri
Yevgeni Qriqoryev Azərbaycanla əməkdaşlığın əhəmiyyətini
vurğulayıb, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə
fikirlərini bölüşüb, bir sıra sahələrdə, xüsusilə ticarət,
mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi
imkanlarını diqqətə çatdırıb.

Tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün görülən
işlər barədə fikir mübadiləsi aparıb, iqtisadi-ticarət, innovasiya,
KOB, kənd təsərrüfatı, humanitar, səhiyyə, turizm və digər
sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə
ediblər.

Teqlər: