Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə bayrağımızı ucaltmaqla Azərbaycanın 32 illik müstəqillik tarixində tamamilə yeni bir səhifə açdı.
AzerTimes xəbər verir ki, bu sözləri sabiq millət vəkili, “Teleqraf Holdinq”in rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı deyib.
“Biz 30 il ərzində torpaqlarımızın işğal altında olması ilə bağlı dərd kimi, faciə kimi çox danışırdıq. Nə vaxtsa həll olunacağına inamımız vardı. Amma bu problemin belə sürətlə, həm də bu cür – dövlətimizin unitarlığı qorunmaqla həll olunmasını təsəvvür belə edə bilmirdik. Müstəqilliyimizin 32 ilinin 20 ili Prezident İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edib. Biz bu illər ərzində Qarabağın azad ediləcəyinə sadəcə, inanmışıq. Amma necə? Konkret bir fikrimiz vardımı? İlham Əliyevin çevik, hətta gözlənilməz strategiyası, dinamik siyasi gedişləri ilə, prosesə lokal deyil, qlobal yanaşması ilə cəmi 44+1 günə dalana dirənmiş kimi görünən bir münaqişəni həll etməsi və bunu Azərbaycanın adına yaraşan şəkildə etməsi qürurvericidir. Böyük qürur, şərəf və şövqdür, fərəhdir. Bu, hər bir azərbaycanlı üçün şərəf dastanıdır. Ermənilər 30 il öncə dinc azərbaycanlıları öz evlərindən, yurdlarından qışın şaxtasında, soyuğunda ayaqyalın, başıaçıq qovmuşdular. Dəhşətli işgəncələr vermişdilər insanlarımıza. Günahsız insanları, qocaları, qadınları, uşaqları insanlığa sığmayan manyakal işgəncə ilə qətl etmişdilər. Xocalı soyqırımını törətmişdilər. Hələ də Ermənistanda əsir və girov götürülən mülki azərbaycanlılar var ki, onları qaytarmaqdan imtina edirlər. Azərbaycan isə 44+1 günlük savaşda əsl türk əxlaqına yaraşan şəkildə, mülki əhaliyə zərər vermədən müharibə apardı. Hətta ölkəni tərk etmək istəyən ermənilərlə yüksək həssaslıqla davranıldı. Bir mülki erməninin burnu qanamadı. Və bu ləyaqətli davranışı bütün dünya gördü. Bütün bu hadisələrin, bu şərəf hekayəsinin sonuna bir imza qoyula bilər – İlham Əliyev imzası. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu, əsgərlərimizi qorusun. Onların qəhrəmanlığını və fədakarlığını unutmayacağıq. Amma “Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara”. Heç kəsin xidmətini kiçiltmədən hər kəsin layiq olduğu sevgini bildirmək lazımdır. İlham Əliyev taleyimizi dəyişdirən nadir şıxsiyyət, böyük dövlət adamı və sərkərdədir. Ona bir ömürlük minnət və şükranlıq duyğumuz var. Oktyabrın 15-də onun Xankəndidə bayrağımızı ucaltmasını böyük qürur hissi və sevinc göz yaşları ilə izlədik. Biz bir liderin öz qarşısına qoyduğu ali məqsədə – Vətənin bütövləşdirilməsi aktına necə addım-addım, necə yüksək əxlaqla çatmasının şahidi olduq. Prezident İlham Əliyev sanki dövlətimizi də bayrağımız kimi ucalara qaldırdı. Bu, zehnimizin tamamilə qavraya bilmədiyi, tamamilə yeni, fövqəladə, ən üst səviyyədir. Sosial şəbəkələrdə aparılan müzakirələri müşahidə etdikdə görürük ki, qələbənin möhtəşəmliyini qavramaqda hələ ki, çətinlik çəkirik, zorlanırıq. Çünki bu, yuxarıda dediyim kimi, Azərbaycan və azərbaycanlılar üçün tamamilə yeni mərhələdir. Zehnimiz, təfəkkürümüz, şüuraltımız tam mənasıyla hələ bu möhtəşəm zəfəri alqılaya bilmir. Sanki yuxu görürük. Sanki maraqlı bir film izləyirik. Biz nəhayət, illər ərzində şüuraltımızda kök salmış məğlubiyyət sindromundan xilas oluruq. Uduzmuşluq kompleksi dəhşətlidir. İnsanı məhv edir, darmadağın edir, aşağılıq kompleksindən qurtula bilmirsən. Özünü normal, güclü və xoşbəxt hiss edə bilmirsən. Sanki bir tərəfin boşdur, boşluqdasan və ya bir yanın yoxdur, yarımçıqsan. Sanki torpağı yox, səni işğal ediblər… Yəni son 24 saat ərzində bizə təqdim olunanlar, gördüklərimiz, hiss etdiklərimiz, İlham Əliyevin misilsiz performansı o dərəcədə qeyri-adidir ki, bizdən, toplumdan normal reaksiya hələ ki, gözləməyək. Düşünün ki, qəflətən sizi Marsa aparıblar. Və burada gördüyünüz, hiss erdiyiniz hər şey sizinçün yeni və fərqlidir, qeyri-adidir, möcüzəvidir. 15 Oktyabr hadisəsini şərh etmək, təhlil etmək qəlbə və ruha oturtmaq indi Marsa uçmaqdan daha mürəkkəb məsələdir biz azərbaycanlılar üçün. Sanki Tanrı Azərbaycandadır. Ona görə də toplumumuza bir az zaman tanımalıyıq. Alt şüurumuzda qalibiyyət ovqatının, zəfər duyğularının mükəmməl şəkildə özünə yer etməsi, şəkillənməsi üçün müəyyən zamana ehtiyacımız var. Elə hesab edək ki, ağır bir xəstəlikdən sağalmışıq, hazırda reabilitasiya mərhələsindəyik…
Sosial şəbəkələrdə radikal müxalifətin qərəzli yanaşmalarını görürəm. Sual verirlər ki, niyə 20 ildən sonra? Yəni İlham Əliyev niyə torpaqlarımızı 20 il sonra işğaldan azad etdi? O qədər gülünc və absurd yanaşmadır ki! Dünyanın münaqişəyə onca ədalətsiz münasibət sərgiləməsi fonunda Qarabağ kimi ağır problemi həll etmək asan idimi? Prezident İlham Əliyev 20 il ərzində elə bir uğur düsturu hazırladı ki, bu, Azərbaycanın qələbəsini qaçılmaz etdi. Hesab edirəm ki, bu, Azərbaycanın son 270 illik tarixində – Nadir Şahdan sonra ilk böyük uğurdur. Və məhz İlham Əliyevin uğurudur. Mən onu bir Prezidentdən daha çox Dövlət kimi, Bayraq kimi görürəm. Artıq İlham Əliyev adı dövlətimiz və bayrağımızla, digər dövlət simvollarımızla eynilik təşkil edir və sözün əsl mənasında, onlarla eyni anlamı, mənanı daşıyır. İlham Əliyevin Tanrının bu xalqa bir lütfüdür”, – o bildirib.
A.Camalqızı qeyd edib ki, Azərbaycanın gələcəyi yalnız Prezident İlham Əliyevin seçdiyi inkişaf yolundadır:
“Önümüzdə böyük və mükəmməl bir yol xəritəsi var. Azərbaycan dövlətinin demək olar ki, bütün potensialı Qarabağı yenidən qurmaq projesinə yönəlib. Bu çox nəhəng bir layihə, nəhəng bir prosesdir. Azərbaycan Prezidenti demək olar ki, hər ay Qarabağın ayrı-ayrı bölgələrində açılışlar edir. Yeni layihələrin təməlləri atılır. Vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür. Bu gün Azərbaycan bərpa-quruculuq prosesinin daha da geniş vüsət almasının astanasındadır. Əminəm ki, Qarabağ sürətlə tikiləcək, yeni Qarabağ inşa ediləcək və biz daha gözəl Qarabağın şahidi və sakinləri olacağıq. Allaha şükürlər olsun!”.